Rusiyalı müxalifət fəalı Aleksey Navalnının ölümünün ikinci ildönümündə 15 ölkənin hökuməti rəsmi Kremli günahlandıran birgə bəyanat yayıb.
Modern.az xəbər verir ki, bəyanatı Avstraliya, Birləşmiş Krallıq, Almaniya, Danimarka, Kanada, Latviya, Litva, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Finlandiya, Çexiya, İsveç və Estoniya imzalayıb. Siyasətçinin ölümündə Rusiya hakimiyyətini günahlandıran dövlətlər Kremldən araşdırma aparmağı tələb ediblər.
Bəyanatda deyilir: "Baş verənlərə görə məsuliyyətin tamamilə Rusiya hakimiyyətinin üzərində olduğunu vurğulayırıq... Birləşmiş Krallıq, İsveç, Fransa, Almaniya və Niderland tərəfindən dərc edilən son tapıntıları nəzərə alaraq, onun ölümünün şərtləri ilə bağlı hərtərəfli və şəffaf araşdırma tələbimizi təkrarlayırıq".
Bəyanatda vurğulanır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən, Moskva "həbsdə olan Navalnının qeyri-insani və alçaldıcı rəftara və onun tələblərinə adekvat cavab verilməməsinə" görə məsuliyyət daşıyır.
Adları çəkilən dövlətlər həmçinin, Rusiyadan bütün siyasi məhbusları azad etməyi istəyiblər.
Qeyd edilib ki, Rusiya hakimiyyəti Ukraynadakı müharibəyə qarşı çıxanlar da daxil olmaqla, siyasi səbəblərə görə 1700-dən çox insanı həbsdə saxlayır.