Keçmiş prezident Robert Köçəryanın, eləcə də Samvel Karapetyan və Qagik Tsarukyanın siyasi qüvvələrinin hakimiyyətə gəlməsinin qarşısı alınmalıdır.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib.
"Biz əminik ki, Köçəryanın və iki oliqarxın hakimiyyətə gəlməsi pis bir şey olar və bunun qarşısı alınmalıdır. Düzdür, onların seçilməsi özlüyündə cinayət deyil, amma təki ədalətli şəkildə seçilsinlər", - deyə Rubinyan bildirib.
O qeyd edib ki, Vardan Qukasyanın Gümri meri seçilməsi Köçəryanın, Karapetyanın və Serj Sarkisyanın qüvvələrinin əməkdaşlığı sayəsində baş verib.
Vitse-spiker hesab edir ki, Köçəryan, Karapetyan və Tsarukyanın quracağı hökumət dövründə heç kim rüşvətxorluğa görə məsuliyyətə cəlb olunmayacaq.
“Həm hakimiyyətləri dövründə, həm də indi onlar hüquq-mühafizə sisteminin öz işini görməsinə imkan verməyəcəklər. Ona görə də bu ssenarinin qarşısı necə alına bilər? İnsanlar Köçəryana səs verməməlidirlər”, - deyə Rubinyan qeyd edib.
O bildirib ki, media nəhayət ki, Robert Köçəryan, Serj Sarkisyan, onun kürəkəni və müxtəlif oliqarxlarla bütün körpüləri yandırmalı və müstəqil maliyyələşməyə keçməlidir.
Rubinyan əlavə edib ki, Ermənistan xalqı korrupsiyanın və sülhə təhdidlərin geri qayıtmasının qarşısını almaq və parlamentin siyasi müzakirələr üçün normal bir platformaya çevrilməsini təmin etmək üçün 7 iyunda Robert Köçəryan və rus oliqarxları ilə bütün körpüləri yandırmalıdır.
Samvel Karapetyan “Güclü Ermənistan” Partiyası tərəfindən baş nazirliyə namizəd göstərilib.
“Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan iyun ayında keçiriləcək parlament seçkilərində “Ermənistan üçün təklif” platforması ilə iştirak edəcək.
Keçmiş prezident Robert Köçəryan seçkilərdə böyük bir müxalifət blokunun yaradılması ehtimalının olduğunu bildirib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.