Modern.az

Avropa Parlamenti Rusiyaya sanksiyaları gücləndirdi

Avropa Parlamenti Rusiyaya sanksiyaları gücləndirdi

Dünya

24 Fevral 2026, 18:25

Avropa Parlamenti Ukrayna ilə bağlı yeni təhlükəsizlik zəmanətlərini və Rusiyaya qarşı daha sərt məhdudiyyətləri dəstəkləyib.

Modern.az xəbər verir ki, 24 fevral 2026-cı il tarixli qətnamədə qurum Rusiyanı və Belarusu Ukraynadakı müharibəyə görə tam məsul tərəf kimi tanıyıb və sanksiyaların gücləndirilməsinə çağırıb. Sənəddə Rusiyadan hərbi əməliyyatları dərhal dayandırmaq, qoşunlarını Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq, saxlanılan və deportasiya edilən şəxsləri, o cümlədən uşaqları azad etmək tələb olunur.

Avropa Parlamenti həmçinin Rusiya Silahlı Qüvvələrinin işğal etdiyi Ukrayna ərazilərini Rusiyaya məxsus kimi tanımadığını bir daha bəyan edib.

Qətnamədə vurğulanır ki, gələcək sülh sazişi Ukrayna üçün real və etibarlı təhlükəsizlik zəmanətlərinə əsaslanmalıdır və beynəlxalq hüquqa uyğun olmalıdır. Deputatlar Ukraynanın gələcəyinin Aİ-də olduğunu qeyd edərək, ölkənin vahid bazara inteqrasiyasının sürətləndirilməsini tövsiyə ediblər.

Sənəddə Rusiyaya qarşı sanksiyaların, xüsusilə enerji sahəsində məhdudiyyətlərin daha da sərtləşdirilməsi, Rusiya qazı və neftindən asılılığın azaldılması, həmçinin “Wagner” özəl hərbi şirkətinin terror təşkilatı kimi tanınması təklif olunub.

Qətnamə 437 deputatın lehinə, 82-nin əleyhinə səsi ilə qəbul edilib, 70 nəfər bitərəf qalıb. (UNN)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada PROSES BAŞLADI! - Azərbaycanlılar vətəndaşlıqdan çıxarılır - Xəbəriniz Var?