Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin qərargahı yaxınlığında silahlı toqquşma baş verib.
Modern.az xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.
Məlumata görə, toqquşmalar zamanı İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə marksist “Mücəhidin-e Xalq” (MEK) təşkilatının üzvləri arasında qarşıdurma yaranıb. MEK-in açıqlamasında azı 100 nəfərin öldürüldüyü və ya saxlanıldığı iddia olunur. Təşkilat həmçinin 150-dən çox üzvünün bazalarına qayıtdığını iddia edib.
Hadisənin əsasən Tehrandakı Mötəhərrı kompleksi ərazisində, ali rəhbərin qərargahı, Mühafizəçilər Şurası, Ekspertlər Assambleyası və digər strateji qurumların yerləşdiyi zonada baş verdiyi qeyd olunur. SEPAH-a yaxın “Tasnim” agentliyi və “Al Akhbar” nəşri də toqquşmaları təsdiqləyib. “Al Akhbar” hadisəni MEK-in “xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirməyə çalışdığı əməliyyat” kimi qiymətləndirib və planın ilkin mərhələdə qarşısının alındığını yazıb.
Qeyd edək ki, “Mücəhidin-e Xalq” təşkilatı İran hakimiyyəti tərəfindən terror təşkilatı kimi tanınır. Qrup 1980-ci illərdə İran-İraq müharibəsi zamanı Səddam Hüseyni dəstəkləyib. ABŞ və Avropa İttifaqı isə sonradan təşkilatı terror siyahısından çıxarıb.