Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan üçüncü dəfə dövlət başçısı postuna namizədliyi son günlərdə əsas gündəm mövzusuna çevrilib.
Modern.az xəbər verir ki, Ankarada uzun müddətdir qeyri-rəsmi müzakirə olunan növbədənkənar seçki ssenarisi artıq hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) tərəfindən açıq şəkildə təsdiqlənib.
Bir neçə gün əvvəl AK Partiya sədrinin müavini Mustafa Elitaş növbədənkənar seçkilərin 2027-ci ilin noyabr ayında keçiriləcəyini açıqlayıb (Qeyd edək ki, seçkilər 2028-ci ilin may ayına planlaşdırılır) və bununla da söhbət rəsmi siyasət müstəvisinə keçib. AK Partiya sədrinin təşkilati işlər üzrə müavini Əhməd Böyükgümüş 22 fevralda verdiyi müsahibədə məqsədin Ərdoğana yenidən namizədliyini irəli sürmək və qalib gəlmək olduğunu təsdiqləyib.
Beləliklə, partiya rəhbərliyi seçkilərin 2028-ci ilin mayı əvəzinə 2027-ci ilin noyabrında keçirilməsini təklif etməyə hazırlaşır. Bu addım Ərdoğanın yenidən namizədliyini hüquqi baxımdan mümkün edə bilər.
Türkiyə Konstitusiyasına əsasən, hazırkı prezident yalnız parlament 360 səslə növbədənkənar seçki qərarı qəbul edərsə, üçüncü dəfə namizəd ola bilər. Hazırda AK Partiyanın parlamentdə 275, müttəfiqi Milliyyətçi Hərəkat Partiyasının (MHP) isə 47 mandatı var. Ümumilikdə 322 səs edən iqtidar blokuna əlavə dəstək olmadan tələb olunan 360 səs mümkün görünmür. Bu səbəbdən son həftələr həm iqtidar, həm də müxalif düşərgədə deputat keçidləri diqqət çəkir.
Siyasi müşahidəçilər hesab edir ki, AK Partiya keçmişdə partiyadan ayrılaraq “Gələcək” və DEVA kimi siyasi qurumlar yaradan deputatları geri qaytarmağa çalışır. Son aylarda bir neçə deputatın yenidən AK Partiyaya qoşulması bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir. Ankarada bu proses şərti olaraq “evə dönüş” əməliyyatı kimi xarakterizə olunur.
Digər mümkün ssenari isə DEM Partiyası ilə anlaşmadır. DEM parlamentdə 56 mandatla təmsil olunur və son iki ildə hökumətin başladığı “terrorsuz Türkiyə” prosesində mühüm iştirakçılardan biri sayılır. Ekspertlər istisna etmirlər ki, tərəflər Konstitusiyanın ilk dörd maddəsinə toxunmadan müəyyən dəyişikliklər üzərində razılaşa bilərlər. Bu halda DEM-in siyasi çəkisi xeyli artmış olacaq.
Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) də növbədənkənar seçkilər məsələsində tamamilə qapalı mövqe sərgiləmir. Partiya rəhbərliyi daha əvvəl erkən seçkilərin keçirilməsi ideyasını səsləndirmiş və müəyyən şərtlərlə Ərdoğanın iştirakına etiraz etməyəcəyini bildirmişdi. Bu isə Ankara kulislərində iqtidar və müxalifət arasında mümkün taktiki razılaşma ehtimalını gündəmə gətirir.
Hakim düşərgə hesab edir ki, 2023-cü il zəlzələsinin nəticələrinin böyük hissəsi aradan qaldırılıb və 2026–2027-ci illərdə iqtisadi göstəricilərdə sabitləşmə əldə oluna bilər. AK Partiya daxilində belə qənaət var ki, məhz həmin dövr seçki üçün daha əlverişli olacaq.(haqqin.az)