İranın nüvə proqramı yenidən beynəlxalq diqqət mərkəzinə düşüb. Belə ki, ABŞ regionda hərbi təyyarələr və döyüş gəmiləri cəmləşdirib və görünən odur ki, Tehran nüvə proqramı ilə bağlı razılaşmaya getməsə, Vaşinqton zərbə endirməyə hazırdır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, fevralın 19-da ABŞ prezidenti Donald Tramp bəyan edib ki, “məzmunlu razılaşma” əldə olunmasa, İranı “pis nəticələr” gözləyir.
“Onların nüvə silahı ola bilməz, bu çox sadədir… Əgər onların nüvə silahı olarsa, Yaxın Şərqdə sülhə nail olmaq mümkün deyil”, - deyə prezident bildirib.
İran heç vaxt nüvə bombası yaratmağa çalışmadığını iddia edir. Lakin bir çox ölkələr, eləcə də nüvə sahəsinə nəzarət edən aparıcı beynəlxalq qurum - Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bu mövqeyə şübhə ilə yanaşır.
Bundan əlavə, İranın nüvə proqramının mövcud durumu ötən ilin iyununda İsrail və İran arasında baş vermiş 12 günlük müharibə zamanı əsas nüvə obyektlərinə endirilən zərbələrdən sonra tam aydın deyil.
ABŞ qısa müddətlik hərbi əməliyyatlara qoşularaq üç nüvə obyektinə: İsfahandakı İranın ən böyük tədqiqat nüvə mərkəzinə, eləcə də uranın zənginləşdirildiyi Natanz və Fordo müəssisələrinə zərbə endirib.
Zərbələrdən sonra Tramp bu obyektlərin “tamamilə məhv edildiyini” bəyan edib. Lakin bir həftə sonra MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, hücumlar obyektlərə ciddi ziyan vursa da, onları tamamilə sıradan çıxarmayıb. Onun sözlərinə görə, uranın zənginləşdirilməsi bir neçə ay ərzində yenidən bərpa oluna bilər.