Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerov ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşner ilə görüşün başladığını açıqlayıb.
Modern.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, Ukrayna nümayəndə heyətinə deputat David Araxamiya, dövlət xadimi və iqtisadçı Aleksey Sobolev, eləcə də iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Darina Marçak daxildir.
Umerov qeyd edib ki, hökumətin iqtisadi komandası ilə birlikdə Ukraynanın bərpası, iqtisadi dəstək mexanizmləri, investisiyaların cəlbi və uzunmüddətli əməkdaşlıq istiqamətlərini əhatə edən tədbirlər paketi hazırlanacaq.
O, həmçinin David Araxamiya ilə birgə Rusiya tərəfinin iştirakı ilə keçiriləcək növbəti üçtərəfli danışıqlar mərhələsinə hazırlıq məsələlərinin də müzakirə olunacağını vurğulayıb.
Katib humanitar məsələlərin və mümkün əsir mübadilələrinin xüsusi əhəmiyyət daşıdığını bildirib, vətəndaşların geri qaytarılması istiqamətində real nəticələr gözlədiklərini deyib. Görüşün yekunları barədə əlavə məlumatın daha sonra açıqlanacağı bildirilib.