BMT-nin nüvə nəzarət qurumu İrana endirilən zərbələrdən “radioloji təsir” müşahidə etmədiyini bildirib.
Modern.az xəbər verir ki, BMT-nin nüvə nəzarət qurumu – Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) açıqlayıb ki, ABŞ və İsrailin İrana endirdiyi zərbələr, eləcə də regionun digər ölkələrində həyata keçirilən cavab hücumları nəticəsində hər hansı “radioloji təsir” qeydə alınmayıb. Bununla belə, qurum İranın nüvə obyektlərinin hədəf alınıb-alınmadığını açıqlamayıb.
Agentlik Birləşmiş Millətlər Təşkilatı-nın nüvə nəzarət orqanı kimi Yaxın Şərqdəki hadisələri yaxından izlədiyini və bölgə əhalisi üçün hər hansı nüvə təhlükəsizliyi riskinin qarşısını almaq məqsədilə tərəfləri təmkinli olmağa çağırdığını bildirib.
“MAQATE Yaxın Şərqdə baş verənləri diqqətlə izləyir və regiondakı ölkələrlə daimi əlaqə saxlayır. Hazırda hər hansı radioloji təsirə dair sübut yoxdur”, – deyə agentliyin X sosial şəbəkəsindəki açıqlamasında qeyd olunub. (Reuters)