İran Bəhreyndə ABŞ-a məxsus baza və digər hədəflərin vurulduğunu bəyan edib.
Modern.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, ABŞ və İsrailin ölkəyə hücumlarına cavab olaraq İran ordusu Bəhreyndə yerləşən ABŞ bazasını kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alıb.
Dövlət televiziyası tərəfindən yayımlanan görüntülərdə kamikadze PUA-nın ABŞ-a məxsus olduğu ehtimal edilən bazanı vurduğu əks olunub.
Xəbərdə Bəhreyndə ABŞ-a məxsus digər hədəflərin də vurulduğu bildirilib.
Digər tərəfdən, Bəhreyn Daxili İşlər Nazirliyi paytaxt Manama şəhərində bəzi binaların hədəf alındığını açıqlayıb.
Nazirliyin bəyanatında qeyd olunub: “Manamada bəzi yaşayış binaları hədəf alınıb. Mülki Müdafiə qrupları hücumdan zərər çəkən ərazilərdə yanğınsöndürmə və xilasetmə işlərini davam etdirir.”
Sosial mediada yayılan görüntülərdə İrana məxsus olduğu ehtimal edilən kamikadze PUA-nın hündürmərtəbəli binaya çırpılaraq güclü partlayışa səbəb olduğu görünür.