ABŞ Prezidenti Donald Tramp Əli Xameneinin öldürüldüyünü açıqlayıb.
Modern.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Xamenei kəşfiyyatımızın və qabaqcıl texnoloji izləmə sistemlərimizin nəzarətindən yayına bilmədi. Onun və onunla birlikdə məhv edilən digər rəhbərlərin qarşısını almaq üçün heç bir imkanı yox idi”, – deyə Ağ Ev rəhbəri qeyd edib.
Tramp bildirib ki, baş verənlər İran xalqı üçün ölkəni geri almaq baxımından böyük fürsət yaradır.
O, həmçinin İslam İnqilab Keşikçiləri Korpusu və polis qüvvələrinin iranlı vətənpərvərlərlə dinc şəkildə birləşəcəyinə və “ölkəni yenidən güclü etmək” istiqamətində birgə fəaliyyət göstərəcəyinə ümid etdiyini vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, İranın güc strukturları müqavimətdən imtina edərsə, onlara “immunitet” verilə bilər.
Bununla yanaşı, İranın bir sıra xəbər agentlikləri Xameneinin ölümü ilə bağlı yayılan məlumatları təkzib edərək, onun hazırda proseslərə nəzarət etdiyini və vəziyyəti birbaşa idarə etdiyini açıqlayıblar.