Yaxın Şərqdə baş verən müharibənin qlobal iqtisadiyyata təsiri qiymətləndirilərkən, Çin potensial itirən tərəflərdən biri kimi göstərilir.
Modern.az xəbər verir ki, bu barədə Bloomberg nəşri məlumat yayıb.
Məlumata görə, neft əsas təsir kanalı kimi önə çıxır. Belə ki, Brent markalı neftin qiyməti 13% artaraq 82 dolları ötüb, WTI isə təxminən 72 dollar səviyyəsində olub. İrandan neft tədarükünün tam dayandırılması qiymətləri əlavə olaraq təxminən 20% artıra bilər. Hörmüz boğazının bağlanması halında isə bir barel neftin qiymətinin 108 dollara qədər yüksəlməsi ehtimal olunur.
Kimlər zərər görəcək?
Ən böyük risk qrupuna iri neft idxalçıları - Çin, Avropa İttifaqı və Hindistan daxildir. Valyuta ehtiyatları zəif olan ölkələrdə (Argentina, Şri-Lanka, Pakistan, Türkiyə) kapital axını və milli valyutaların ucuzlaşması riski artır. ABŞ-da isə yanacaq qiymətlərinin bahalaşması istehlakçılara mənfi təsir göstərə bilər.
Kimlər qazanacaq?
Neft ixrac edən ölkələr - Rusiya, Kanada və Norveç mövcud vəziyyətdən fayda əldə edə bilər. Artan qiymətlər fonunda Hindistan və Çinin Rusiya neftinə tələbatının yüksəlməsi Moskvanın mövqelərini daha da gücləndirə bilər.
Əlavə risk - ABŞ-Çin münasibətlərinin pisləşməsi
Pekin Vaşinqtonun addımlarını kəskin şəkildə pisləyərək “suveren dövlət liderinin açıq şəkildə öldürülməsini və rejim dəyişikliyinin həyata keçirilməsini qəbuledilməz” adlandırıb. ABŞ və Çin arasında gərginliyin daha da artması investorları sakitləşdirən ticarət barışığını pozmaq riski yaradır.