Livan hökuməti ölkə daxilində "Hizbullah"ın silahlı fəaliyyətini qadağan edib.
Modern.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Nəvaf Salam açıqlayıb.
Bu addıma səbəb kimi təşkilatın rəsmi dövlət qurumları ilə məsləhətləşmədən İsrail istiqamətində raket atışları həyata keçirməsi olub. Bildirilir ki, bu cür hərəkətlər hökumətin regional eskalasiyanın qarşısını almaq strategiyasına ziddir və ölkəni birbaşa təhlükə altına qoyur.
Livan Prezidenti Cozef Aun və Baş nazir Nəvaf Salam "Hizbullah"ın addımını ölkənin suverenliyinin pozulması kimi qiymətləndiriblər. Onların fikrincə, dövlət institutlarından kənar silahlı qərarlar Livanı daha genişmiqyaslı müharibəyə sürükləyə və İsrailin cavab zərbələri üçün əsas yarada bilər.
Rəsmi Beyrut vurğulayıb ki, ölkənin təhlükəsizlik və hərbi qərarları yalnız dövlət strukturları çərçivəsində qəbul olunmalıdır.
Bununla belə, "Hizbullah"ın uzun illərdir silahlı struktur kimi fəaliyyət göstərməsi və İsraillə münaqişə fonunda hərbi potensialını qoruyub saxlaması qərarın praktik icrasını çətinləşdirir. Təşkilatın silahsızlaşdırılması və ya fəaliyyətinin məhdudlaşdırılmasının hansı mexanizmlərlə həyata keçiriləcəyi hələlik açıqlanmayıb.