Modern.az

Burada hamı sabitlik istəyir – İsrailli jurnalistdən həyəcanlı AÇIQLAMA

Burada hamı sabitlik istəyir – İsrailli jurnalistdən həyəcanlı AÇIQLAMA

Dünya

Bu gün, 19:54

Fevralın 28-də ABŞ və İsrail İranda hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində ölkənin ali lideri Əli Xamenei həlak olub. İran Müdafiə Nazirliyinin, İİKK-nın, Baş Qərargahın və Müdafiə Şurasının rəhbərləri də öldürülüb. Cavab olaraq İran Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib.

Bu gün artıq müharibənin üçüncü günüdür. Müharibə nəticəsində ABŞ-nin 4 hərbçisi həlak olub. Bununla yanaşı İran tərəfindən 555 nəfər öldürülüb.

Maraqlıdır, müharibə İsraildə yaşayan sadə əhaliyə necə təsir edir?

Modern.az bu barədə məlumat əldə etmək üçün İsrailli jurnalist İqor Rytapellə əlaqə saxlayıb. 

Saytımıza açıqlamasında jurnalist bildirib ki, İsrail-İran müharibəsi sadə xalqı narahat edir:

“İran ilə İsrail arasındakı qarşıdurma əsasən adi insanların gündəlik həyatında hiss olunur. İnsanlar geosiyasi hesablamalardan daha çox təhlükəsizlik, sabitlik və işləmək, oxumaq, ailələrini sülh şəraitində böyütmək imkanları barədə düşünürlər. İnfrastruktur üzərində də təzyiq artır. Dövlət qurumları elektrik, su və rabitənin fasiləsiz təmin olunmasına çalışsalar da, müvəqqəti kəsintilər riski qalır. Hər hansı bir eskalasiya təbii olaraq, sabitlik hissinə dərhal təsir edir”.

İsrailli jurnalist vurğulayıb ki, vəziyyət pisləşərsə, məktəblər və universitetlər distant təhsilə keçə bilər:

“Bu isə ailələr üçün əlavə yük yaradır və tədris prosesinə təsir göstərir. İqtisadiyyat da baş verənlərə tez reaksiya verir. Yanacaq və idxal olunan malların qiymətləri arta bilər. Bununla belə bazarlar daha ehtiyatlı davranr, investorlar isə aktivliyini azalda bilər. Qeyri-müəyyənlik həmişə volatilliyi artırır.

Təhlükəsizlik sahəsində adətən hüquq-mühafizə orqanlarının və təhlükəsizlik qüvvələrinin mövcudluğu gücləndirilir, əlavə nəzarət tədbirləri tətbiq olunur və ictimaiyyətə mütəmadi məlumatlar verilir.

İctimai əhval-ruhiyyə çox vaxt narahatlıqla yanaşı birlik hissini də əks etdirir. Bəziləri sərt mövqeni dəstəkləyir, digərləri isə münaqişənin genişlənməməsi üçün diplomatik həll yollarının vacibliyini vurğulayır.

Ümumilikdə isə insanların gözləntisi birdir: sabitlik və mümkün qədər tez normal həyata qayıdış”.

Jurnalist əlavə edib ki, məsələ təkcə iki ölkə arasındakı qarşıdurma deyil, daha geniş regional təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı strateji və fundamental problemdir:

“Dövlət səviyyəsində və daha dərin proseslər prizmasından baxdıqda, məsələ regional təhlükəsizlik müstəvisinə çıxır. Balans İranın siyasəti nəticəsində ciddi şəkildə pozulmuş hesab olunur.

Söhbət regionun böyük bir hissəsi, eləcə də müasir beynəlxalq ictimaiyyətin müəyyən dairələri tərəfindən qəbul edilməyən bir rejimdən gedir. Bu faktor isə ümumi təhlükəsizliyə birbaşa təsir göstərir və qarşılıqlı etimadı zəiflədir.

İsrailin həyata keçirdiyi zərbə beynəlxalq hüquq çərçivəsində preventiv addım kimi təqdim olunur. Çünki beynəlxalq hüquq normaları bir dövlətin digərinin təhlükəsizliyinə birbaşa və real təhdid yaratdığı hallarda qabaqlayıcı tədbirlərə imkan verir.

Məlum olduğu kimi, İran tərəfi dəfələrlə İsraili aradan qaldırmaq niyyətini açıq şəkildə bəyan edib. Bu cür bəyanatlar isə regionda gərginliyi artırmaqla yanaşı, təhlükəsizlik balansını daha da həssas vəziyyətə gətirir. Beləliklə, məsələ təkcə iki ölkə arasındakı qarşıdurma deyil, daha geniş regional təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı strateji və fundamental bir problemə çevrilir”.

Sizə yeni x var
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama