ABŞ Prezidenti Donald Tramp İranla bağlı genişmiqyaslı hərbi əməliyyatların davam etdiyini bildirib.
Modern.az xəbər verir ki, o, döyüşlər zamanı həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.
“Bu gün döyüşlərdə həlak olmuş dörd qəhrəman amerikalı hərbçi üçün yas saxlayırıq və onların ailələrinə sevgimizi və dəstəyimizi çatdırırıq. Biz bu missiyanı Amerika xalqına təhlükə yaradan bu terrorçu rejimi məhv etmək üçün qətiyyətlə davam etdiririk”, – deyə o vurğulayıb.
Tramp ABŞ-ın məqsədlərinin aydın olduğunu bildirib: “Birincisi, biz İranın raket imkanlarını məhv edirik və bunu hər saat görürsünüz, həmçinin onların yeni və kifayət qədər yaxşı raketlər istehsal etmək qabiliyyətini sıradan çıxarırıq. İkincisi, onların donanmasını məhv edirik. Artıq 10 gəmini sıradan çıxarmışıq. Üçüncüsü, terrorun dünyada bir nömrəli sponsoru olan ölkənin heç vaxt nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Və nəhayət, İran rejiminin sərhədlərindən kənarda terrorçu orduları silahlandırmasının, maliyyələşdirməsinin və idarə etməsinin qarşısını alırıq”.
ABŞ prezidenti əlavə edib ki, nüvə silahına malik İran Vaşinqton üçün qəbuledilməzdir: “Bu, zərbə endirmək üçün son və ən yaxşı şansımız idi”.
Tramp qeyd edib ki, ABŞ İranda genişmiqyaslı döyüş əməliyyatlarını davam etdirir: "Əvvəldən dörd-beş həftə proqnozlaşdırmışdıq, amma bundan daha uzun müddətə getmək imkanımız var. Biz bunu edəcəyik."