Modern.az

İrandakı qarşıdurmadan ən çox Dubay zərər görüb - DETALLAR

İrandakı qarşıdurmadan ən çox Dubay zərər görüb - DETALLAR

Dünya

2 Mart 2026, 23:54

Qlobal investisiya mənzərəsi cəmi bir neçə gün ərzində kəskin şəkildə dəyişib. Onilliklərdir qlobal kapital üçün təhlükəsiz sığınacaq sayılan Dubay görünməmiş problemlə üz-üzə qalıb.

Modern.az xəbər verir ki, fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə başlayan hərbi kampaniya Birləşmiş Ərəb Əmirlikləri üçün ciddi nəticələr doğurub. İrandan həyata keçirilən kütləvi raket və pilotsuz uçuş aparatları hücumları Əmirliyin ən mühüm üstünlüyü hesab edilən təhlükəsizlik reputasiyasına ağır zərbə vurub.

Məlumata görə, son günlər ərzində ölkədən 20 milyard dollar həcmində kapital çıxarılıb. İnvestorlar Dubayı artıq sabit və etibarlı maliyyə mərkəzi kimi qiymətləndirmirlər. Martın ilk həftəsində depozit mərhələsində ləğv edilən mənzil alışlarının sayı 4 dəfə artıb.

Şəhərin əsas nəqliyyat qovşaqlarından olan Dubay Beynəlxalq Hava Limanının bağlanması və logistik sığorta haqlarının 300 faiz artması yeni alıcı axınını əhəmiyyətli dərəcədə azaldıb. Raket qalıqlarının Palm Jumeirah ərazisinə düşməsi isə daşınmaz əmlakın investisiya cəlbediciliyini kəskin zəiflədib. Fiziki risklərin reallaşması fonunda kapitalın daha neytral ölkələrə yönəldiyi bildirilir.

Fundamental iqtisadi problemlər də vəziyyəti ağırlaşdırır. 2026-cı ilə qədər Dubayda rekord sayda – 131 min yeni mənzilin istifadəyə verilməsi planlaşdırılırdı. Tələbin 60 faiz azalması fonunda bu həcm qiymətlərin aşağı düşməsini qaçılmaz edir. Tikinti mərhələsində olan çoxsaylı layihələrin likvidlik çatışmazlığı səbəbindən gecikməsi riski artıb.

Aparıcı analitiklər də proqnozlarını yeniləyiblər. Belə ki, ilin əvvəlində gözlənilən 8 faizlik artım proqnozu dəyişdirilərək ilin sonuna qədər 10 faizlik enişlə əvəzlənib.

Eyni zamanda, bir sıra sığorta şirkətlərinin hərbi əməliyyatlar nəticəsində dəyən zərəri ödəməkdən imtina etməsi lüks əmlak sahiblərini ciddi maliyyə riskləri ilə üz-üzə qoyub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama