İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ və İsrailin Tehrandakı Gülüstan sarayına raket zərbəsini pisləyərək bunu İranın mədəni irsini məhv etməyə yönəlmiş addım adlandırıb.
Modern.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, İran XİN-in sözçüsü Esmail Baqaei “X” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, ABŞ və İsrailin bu həftə həyata keçirdiyi raket hücumları nəticəsində Golestan Palace zərər görüb. O, hücumu “ağır cinayət” kimi qiymətləndirib və qeyd edib ki, təcavüzkarların məqsədi İranı “tarixin və qədim sivilizasiyanın beşiyi” kimi simvolizə edən mədəni irsi silməkdir.
Baqaei paylaşımında Mədəni İrs, Turizm və Əl İşləri naziri Reza Salehi Amirinin hücumdan sonra saraya səfərini əks etdirən videonu da yenidən yayımlayıb.
Tehranın Arg meydanının tarixi ərazisində yerləşən Gülüstan sarayı İran paytaxtının ən mühüm simvollarından biridir və UNESCO-nun Dünya İrsi Siyahısına daxildir.
Məlumatda vurğulanıb ki, 1954-cü il Haaqa Konvensiyası, 1977-ci il Cenevrə Konvensiyaları, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu və formalaşmış beynəlxalq hüquqa əsasən, tarixi abidələrə və mədəni irsə edilən hər hansı hücum beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və açıq hərbi cinayət hesab olunur.