Modern.az

İran: Türkiyəyə raket atmamışıq

İran: Türkiyəyə raket atmamışıq

Dünya

Bu gün, 10:02

İran Silahlı Qüvvələri Türkiyənin suverenliyinə hörmət etdiyini və Türkiyə ərazisinə hər hansı raket atılmadığını açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.

Bildirilib ki, regiondakı hərbi fəaliyyət Türkiyəni hədəf almır və İran tərəfindən Türkiyə torpaqlarına yönəlmiş heç bir raket buraxılmayıb.

Bundan əlavə, Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) İran ərazisindən buraxıldığı müəyyən edilən və Türkiyə hava məkanına istiqamətlənən ballistik sursatın zərərsizləşdirildiyini açıqlamışdı.

Nazirliyin məlumatına görə, raket İraq və Suriya hava məkanından keçdikdən sonra Türkiyə istiqamətinə yönəlib. Sursat Şərqi Aralıq dənizində yerləşdirilən NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən vaxtında aşkar edilərək havada məhv edilib.

Bildirilib ki, raketin havada məhv edilməsindən sonra Hatay vilayətinin Dörtyol rayonuna düşən qalıqların araşdırılması aparılıb. Nəticədə həmin parçaların raketin özünə deyil, onu zərərsizləşdirən hava hücumundan müdafiə raketinə aid olduğu müəyyən edilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Nazirlik Türkiyənin regional sabitlik və təhlükəsizliyin tərəfdarı olduğunu vurğulayaraq bildirib ki, ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımlar atılır.

“Kimdən və haradan gəlməsindən asılı olmayaraq, ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini qorumağa qadirik. Hava məkanımızın müdafiəsi ilə bağlı bütün addımlar qətiyyətlə atılacaq. Ölkəmizə qarşı hər hansı düşmən mövqeyinə cavab vermək hüququmuz saxlanılır”, - deyə açıqlamada qeyd olunub.

Bununla yanaşı, bütün tərəflərə münaqişənin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinmək çağırışı edilib. Türkiyənin NATO və digər müttəfiqlərlə məsləhətləşmələrinin davam etdiyi bildirilib.

Sizə yeni x var
Keçid et
Kürd silahlıları güneyə girdi - İsrail və ABŞ-dən dəstək gəldi