Moldova ilə Azərbaycan arasında ticarət dövriyyəsi 11 milyon ABŞ dolları həcmində olub.
Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoyla birlikdə Bakıda keçirdikləri brifinqdə deyib.
“Biz Azərbaycan-Moldova münasibətlərinin onilliklərə söykənən səmimi və açıq dostluq əlaqələri ilə səciyyələndiyini qeyd etdik. Ölkələrimiz arasında səmimi münasibətlər mövcuddur və mütəmadi görüşlər keçirilir.
Hər il beynəlxalq tədbirlədə görüşlər keçiririk. Lakin ikitərəfli səfərin xüsusi əhəmiyyət var. İki XİN arasında siyasi məsləhətləşmər mövcuddur".
Nazir qeyd edib ki, Azərbaycan və Moldova arasında bütün əsas sahələr üzrə müzakirələr aparılıb. Həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələlərinə də toxunulub.
C.Bayramovun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə 11 milyon ABŞ dolları təşkil edib. Tərəflər ticarət dövriyyəsini artırmaq və qarşılıqlı investisiyaları genişləndirmək niyyətindədirlər. Enerji sahəsində əməkdaşlıq üçün də böyük potensial mövcuddur.