Son dövrlərdə dünyada artan geosiyasi gərginliklər fonunda mümkün qlobal müharibə ssenariləri ilə bağlı müxtəlif araşdırmalar və xəritələr yayımlanır. Belə xəritələrdən birində Üçüncü Dünya müharibəsi baş verəcəyi təqdirdə nisbətən təhlükəsiz hesab edilən bölgələr göstərilib.
Modern.az xəbər verir ki, “The World in Maps” tərəfindən hazırlanmış qrafikdə dünya xəritəsində mavi rənglə işarələnən ölkə və ərazilərin qlobal hərbi toqquşmalardan daha az təsirlənə biləcəyi ehtimal olunur.
Xəritəyə görə, təhlükəsiz hesab edilən ərazilər əsasən böyük hərbi bloklardan uzaqda yerləşən və ya geosiyasi baxımdan strateji qarşıdurma mərkəzlərindən kənarda qalan regionlardır. Bu siyahıya ilk növbədə Şimali Atlantika və Arktika bölgəsində yerləşən Kanada, Qrenlandiya və İslandiya daxil edilir. Eyni zamanda Norveçin şimal hissələri və Rusiyanın şimal-şərq əraziləri də nisbətən təhlükəsiz zona kimi göstərilir.
Cənubi Amerikada isə əsasən qitənin cənub hissəsində yerləşən ölkələr – Çili, Argentina və Uruqvay xəritədə mavi rənglə qeyd olunub.
Afrika qitəsində isə Namibiya, Botsvana və Cənubi Afrika Respublikası ilə yanaşı, Hind okeanında yerləşən Madaqaskar adası da təhlükəsiz zonalar arasında göstərilib.
Asiya qitəsində isə Monqolustan diqqət çəkir. Böyük dövlətlər arasında yerləşsə də, ölkənin neytral siyasəti və qlobal hərbi alyanslarda aktiv iştirak etməməsi səbəbindən mümkün münaqişələrdən nisbətən kənarda qala biləcəyi qeyd olunur.
Sakit okean sahillərində yerləşən ölkələr içərisində isə Avstraliya və Yeni Zelandiya ən təhlükəsiz məkanlardan biri kimi göstərilib.
Bundan əlavə, xəritədə Hind və Sakit okeanlarında yerləşən bəzi uzaq adalar – Maldiv adaları, Seyşel adaları, Mavriki kimi ərazilər də mavi nöqtələrlə qeyd olunub.
Xəritənin ən diqqətçəkən hissələrindən biri isə bütöv Antarktida qitəsinin də təhlükəsiz ərazi kimi göstərilməsidir. İnsan məskunlaşmasının demək olar ki, olmadığı bu qitə hərbi qarşıdurmaların mümkün təsir dairəsindən kənarda hesab olunur.