Dünya ticarətində mühüm rol oynayan əsas dəniz keçidlərindən hesab olunan boğazlar qlobal yük daşımalarının böyük hissəsinin həyata keçirildiyi strateji marşrutlar sayılır. Dünyada dəniz ticarətinin əhəmiyyətli hissəsi məhz bu boğazlardan keçir.
Modern.az-ın məlumatına görə, dünyanın ən mühüm dəniz boğazları aşağıdakılardır:
Malakka boğazı dünya dəniz ticarətinin təxminən 25 faizinin keçdiyi əsas marşrutlardan biridir və Asiyaya enerji daşıyıcılarının idxalında mühüm rol oynayır.
Sinqapur boğazı isə dünyanın ən intensiv istifadə olunan dəniz yollarından sayılır və Malakka–Sinqapur marşrutunun vacib hissəsi kimi qiymətləndirilir.
Hörmüz boğazından dünya üzrə istehlak olunan neftin təxminən 20 faizi daşınır. Eyni zamanda qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin də təxminən 20 faizi bu marşrutdan keçir.
Bosfor boğazı Qara dənizi Aralıq dənizi ilə birləşdirir və eyni zamanda Avropa ilə Asiya arasında təbii sərhəd rolunu oynayır.
Cəbəllütariq boğazı Atlantik okeanı ilə Aralıq dənizini birləşdirərək Avropa ilə Afrikanı ayıran əsas dəniz keçidlərindən biridir.
Berinq boğazı Arktika okeanı ilə Sakit okeanı birləşdirir və Asiya ilə Şimali Amerika qitələri arasında yerləşir.
Magellan boğazı Cənubi Amerika üzərindən Atlantik və Sakit okeanları birləşdirən mühüm dəniz marşrutlarından hesab olunur.
Bass boğazı isə Tasmaniya adasını materik Avstraliyadan ayırır.
