ABŞ kəşfiyyat orqanları Prezident Donald Trampı İrana qarşı hücumun Körfəz regionundakı müttəfiqlərə cavab zərbələri ilə nəticələnə biləcəyi barədə əvvəlcədən xəbərdar edib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters"ə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi və kəşfiyyat hesabatları ilə tanış olan iki mənbə məlumat verib. Bildirilir ki, müharibədən əvvəl hazırlanmış qiymətləndirmələrdə İranın cavab addımının “qaçılmaz” olduğu qeyd edilməsə də, mümkün ssenarilər siyahısında yer alıb.
Buna baxmayaraq, Tramp bazar ertəsi verdiyi açıqlamalarda İranın Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Küveytə endirdiyi zərbələrin gözlənilməz olduğunu bildirib. Onun sözlərinə görə, Tehran bu qədər geniş miqyasda region ölkələrini hədəf almamalı idi və bu, Vaşinqton üçün sürpriz olub.
Ağ Ev məsələ ilə bağlı şərh sorğusuna dərhal cavab verməyib. ABŞ Milli Kəşfiyyat Direktoru Ofisi isə mövzuya münasibət bildirməkdən imtina edib.