Modern.az

Dünya ölkələrdə Ramazan bayramı qeyd olunur...

Dünya ölkələrdə Ramazan bayramı qeyd olunur...

Dünya

Bu gün, 14:18

Ramazan bayramı münasibətilə dünyanın bir çox ölkəsində milyonlarla müsəlman səhər tezdən məscidlərə axışaraq bayram namazı qılıb.

Modern.az xəbər verir ki, Azərbaycanla yanaşı, Türkiyə, Balkan ölkələri və Avropanın müxtəlif bölgələrində bayram böyük coşqu və həmrəylik şəraitində qeyd olunub.

Azərbaycan

Azərbaycanın paytaxtı Bakıda yerləşən İlahiyyat, Heydər, Təzəpir, Əjdərbəy, Göy məsciddə səhər saatlarında bayram namazları qılınıb.
 

Prezident İlham Əliyev də Ramazan bayramı münasibətilə xalqa təbrik ünvanlayaraq bu ayın mənəvi təmizlənmə, mərhəmət və həmrəylik hisslərini gücləndirdiyini vurğulayıb. Dövlət başçısı Azərbaycanın müxtəlif dinlərin sülh içində yaşadığı nadir məkanlardan biri olduğunu qeyd edib, İslamın cəmiyyətdə tolerantlıq və qarşılıqlı hörmətin möhkəmlənməsində mühüm rol oynadığını bildirib.

Türkiyə

Ramazan bayramı ilə əlaqədar Türkiyədə tarixi məscidlər dolub. Türkiyənin İstanbul şəhərində Ayasofya, Sultanəhməd, Süleymaniyyə, Eyüp Sultan və Böyük Çamlıca kimi məşhur məscidlərdə minlərlə insan bayram namazı üçün toplaşıb. Səhər tezdən məscidlərə axın edən vətəndaşlar birlik və qardaşlıq ruhunu bölüşüblər.

Eləcə də Ankara, Erzincan, Ardahan və digər ərazilərdə də bayram namazları qılınıb.

Balkanlarda bayram həmrəyliyi

Şimali Makedoniyanın paytaxtı Skopyedə Ramazan bayramının mərkəzi mərasimi Mustafa Paşa məscidində keçirilib. Məsciddə yer çatışmazlığı səbəbilə yüzlərlə insan ibadətini açıq havada davam etdirib.

Albaniyada bayramın əsas mərasimi Tirananın Skanderbeg meydanında minlərlə insanın iştirakı ilə baş tutub. Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda isə müsəlmanlar tarixi Qazi Hüsrev bəy məscidində toplaşıblar. İslam Birliyinin rəhbəri Hüseyn Kavazoviç çıxışında müsəlman dünyasının birliyinin vacibliyini vurğulayıb.

Kosovada Priştina və Prizren şəhərlərində məscidlər dolub, Serbiyanın Belqrad şəhərində isə müsəlmanlar Bayraklı məscidində bir araya gəliblər.
Xorvatiya və Monteneqroda da bayram namazı geniş iştirakla qeyd olunub.

Avropa

Bolqarıstanın paytaxtı Sofiyada yerləşən Kadı Seyfullah Əfəndi (Banyabaşı) məscidi bayram günü insanlarla dolub. Məscidin tutumu kifayət etmədiyindən yüzlərlə insan namazını küçələrdə qılıb.

Qeyd edək ki, ərəb ölkələri - Səudiyyə Ərəbistanı, Misir, Qətər, Küveyt, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İordaniya, Suriya, Livan, Fələstin, Yəmən, Somali, Mərakeş, Əlcəzair, Liviya, Tunis, Sudan, Mavritaniya və Cibuti bu gün Ramazan bayramının ilk günü elan ediblər.

İran və Komor adalarında aypara görünmədiyi üçün bayram bir gün sonra, 21 mart şənbə günü qeyd olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı