Dünya ölkələrinin xoşbəxtlik səviyyəsinə görə siyahısı (World Happiness Report) müəyyənləşdirilib. Gallup təşkilatının sorğularına əsaslanan siyahı BMT üçün xüsusi olaraq hazırlanıb.
Ümumdünya Xoşbəxtlik Günü BMT Baş Assambleyasının 2012-ci ildə qəbul etdiyi qətnamə ilə müəyyən edilmiş 20 mart tarixində qeyd olunur.
Modern.az xəbər verir ki, hesabatda dünyanın 147 ölkəsi qiymətləndirilib. Burada gözlənilən ömür uzunluğu, sosial dəstəyə çıxış, korrupsiyanın qavranılması, şəxsi azadlıq səviyyəsi, həmçinin xeyriyyə ianələrinin həcmi ilə ölçülən yardım göstəriciləri nəzərə alınıb.
Reytinqdə birinci yeri Finlandiya tutur. İkinci və üçüncü yerlərdə İslandiya və Danimarka gəlir. Bundan əlavə, ən xoşbəxt ölkələrin ilk onluğuna Kosta Rika, İsveç, Norveç, Hollandiya, İsrail, Lüksemburq və İsveçrə daxildir.
ABŞ 23-cü yerdədir. Böyük Britaniya və Fransa isə müvafiq olaraq 29 və 35-ci yerdədir.
Əfqanıstan reytinqdə sonuncu - 147-ci yerdədir. Ən bədbəxt ölkələrin ilk beşliyinə Sierra-Leone, Malavi, Zimbabve və Botsvana da daxildir.