İsrail İranın Xəzər dənizində yerləşən strateji limanına zərbə endirib.
Modern.az xəbər verir ki, “The Wall Street Journal” nəşrinin yaydığı məlumata görə, hücum Bəndər-Ənzəli limanına yönəlib və bu, İsrailin Xəzər regionuna ilk hərbi zərbəsi kimi qiymətləndirilir.
Məlumata əsasən, sözügedən liman İran və Rusiya arasında mühüm logistika mərkəzi rolunu oynayıb. Buradan neft, taxıl, eləcə də silah və pilotsuz uçuş aparatlarının daşındığı bildirilir. Qeyd olunur ki, təkcə 2023-cü ildə bu marşrut vasitəsilə İrandan Rusiyaya 300 mindən çox artilleriya mərmisi və təxminən 1 milyon ədəd sursat göndərilib.
İsrail tərəfinin açıqlamasına görə, zərbə limandakı hərbi obyektlərə yönəlib. Hücum nəticəsində hərbi gəmilər, liman infrastrukturu, komanda mərkəzi və gəmi təmiri zavodu hədəfə alınıb. Yayılan görüntülərdə İran Hərbi Dəniz Qüvvələrinin qərargahına ziyan dəydiyi və bir sıra gəmilərin məhv edildiyi əks olunub.
Ekspertlər bildirir ki, bu liman vasitəsilə həyata keçirilən hərbi daşımalar mülki ticarətlə, xüsusilə taxıl daşımaları ilə sıx bağlıdır. Bu səbəbdən zərbə yalnız hərbi deyil, həm də İranın ərzaq təchizatı üçün risk yarada bilər.
Diqqətçəkən məqamlardan biri də odur ki, bu hücum İsrailin eyni vaxtda İranın ən böyük qaz yatağı olan "Cənubi Pars" sahəsinə zərbə endirməsi ilə paralel baş verib. Bu isə regionda gərginliyin yeni mərhələyə keçdiyini göstərir.
Analitiklər qeyd edir ki, son bir ildə Bəndər-Ənzəli limanı vasitəsilə daşımaların həcmi kəskin artaraq təxminən üç dəfə yüksəlib. Bu da onun strateji əhəmiyyətini daha da artırır.
Beləliklə, İsrailin Xəzər regionunda həyata keçirdiyi bu ilk zərbə yalnız İran üçün deyil, həm də Rusiya ilə hərbi-logistik əlaqələr baxımından ciddi nəticələr doğura biləcək hadisə kimi qiymətləndirilir.