Cənubi Livanda jurnalistlərə qarşı növbəti ölümcül hücum qeydə alınıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən Cəzzin şəhəri yaxınlığında avtomobilə endirilən hava zərbəsi nəticəsində iki jurnalist və bir operator həlak olub.
Məlumata görə, hücum zamanı “Al-Manar” telekanalının müxbiri Əli Şueyb, “Al-Məyadeen” telekanalının müxbiri Fatimə Futuni və onları müşayiət edən operator həyatını itirib. Hər iki kanal əməkdaşlarının ölümünü təsdiqləyib. “Al-Məyadeen” hadisəni “İsrailin qəfil hücumu” kimi qiymətləndirib.
Hərbi mənbələr bildirir ki, zərbə jurnalistlərin olduğu avtomobilə birbaşa endirilib. Yerli KİV-lərin məlumatına əsasən, həlak olan operator Fatimə Futuninin qardaşı olub və çəkiliş zamanı onların yanında olub.
Hadisə səhər saatlarından etibarən Livanın cənubunda həyata keçirilən genişmiqyaslı hücumların tərkib hissəsi kimi qiymətləndirilir. İsrail ordusu isə insidentlə bağlı hələlik rəsmi açıqlama verməyib.
Belə ki, son saatlarda ölkənin bir sıra bölgələrində hərbi gərginlik daha da artıb, hava zərbələri və artilleriya atəşləri davam edir.
İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, Şueyb “Radvan” qüvvəsinin kəşfiyyat bölməsində fəaliyyət göstərib, eyni zamanda “Hizbullah”a bağlı “Al-Manar” telekanalında jurnalist kimi çalışıb.
Livan Səhiyyə Nazirliyinin son məlumatına görə, martın 2-dən bəri davam edən hücumlar nəticəsində 1142 nəfər ölüb, 3 mindən çox insan yaralanıb.
Davam edən hücumlar və toqquşmalar fonunda ölkədə humanitar vəziyyətin daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıqlar artır. Xüsusilə cənub bölgələri və paytaxt Beyrutun cənub ətraflarında köç dalğasının genişləndiyi və itkilərin artdığı bildirilir.