İran parlament komitəsi Hörmüz boğazı ilə bağlı ilkin qanun layihəsini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mojtaba Zarei bildirib.
"Hörmüz boğazının təhlükəsizliyi və davamlı inkişafı üçün strateji tədbirlər haqqında qanun layihəsi Milli Təhlükəsizlik Komitəsinin iclasında təsdiqlənib", - Zarei bildirib.
Parlament üzvü qeyd edib ki, layihəyə Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün tədbirlər, o cümlədən gəmiçilik, maliyyə mexanizmləri və rialla ödəniş məsələsi, ABŞ və İsrail üçün, eləcə də İrana qarşı sanksiya siyasətində iştirak edən ölkələr üçün boğazdan tranzit qadağası daxildir.
Bundan əlavə, qanun layihəsi hüquqi çərçivənin hazırlanmasında Omanla əməkdaşlığı nəzərdə tutur.
28 fevralda ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Tel-Əviv bildirib ki, zərbələrin məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Tramp da öz növbəsində İran donanmasını və müdafiə sənayesini məhv etmək niyyətində olduğunu bildirib və ölkə vətəndaşlarını rejimi devirməyə çağırıb.
1 mart gecəsi İran televiziyası Ali Rəhbər Ayətullah Əli Xameneinin ölümünü elan edib. Ayətullahın qızı, kürəkəni, nəvəsi və gəlini də ABŞ və İsrailin hücumlarında həlak olub. İranın cənubundakı Minabda bir məktəbə edilən hücum nəticəsində əksəriyyəti şagird olan 175 nəfər həlak olub. Ayətullahın oğlu Müctəba Xamenei 9 martda yeni Ali Rəhbər seçilib.