Adam Kadırov artıq Çeçenistan rəhbəri Ramzan Kadırovun əsas varisi sayılmır.
Modern.az xəbər verir ki, bu barədə “Novaya qazeta - Avropa” nəşri yazıb.
Nəşr Ramzan Kadırovun Ramazan bayramı ilə bağlı ailə üzvlərinin iştirak etdiyi videolarına əsaslanaraq belə nəticəyə gəlib ki, “əsas oğul və potensial varis rolu, görünür, Çeçenistan rəhbərinin böyük oğlu Əhmədə keçib”.
Bildirilir ki, hazırda məhz Əhməd atasının yanında daha çox görünür və onu mühüm görüşlərdə müşayiət edir.
Kadırovun ətrafından olan mənbə də Adamın “statusunun aşağı salındığını” təsdiqləyib.
Mənbənin sözlərinə görə, buna səbəb yaxın vaxtlarda baş verən yol-nəqliyyat hadisəsidir. Bildirilir ki, hadisədən sonra Çeçenistan rəhbəri “çox qorxub və oğlu ilə bağlı Moskvada yüksək vəzifəli şəxslərə müraciət etməyə məcbur qalıb”, daha sonra isə Adamın vəziyyətinin yaxşı olduğu məlum olanda “qəzəbini büruzə verib”.
Adamın bu vəziyyətdə nə qədər qalacağı isə hələlik aydın deyil.