Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazında gəmiçiliyin bərpası üçün İrana qarşı hərbi variantı nəzərdən keçirir.
Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, BƏƏ ABŞ və digər müttəfiqlərlə birlikdə mümkün hərbi əməliyyata dəstək verməyə hazırdır. Bu çərçivədə ölkə, o cümlədən, ərazinin minalardan təmizlənməsi istiqamətində kömək göstərə bilər.
Nəşr yazır ki, Körfəz ölkələri BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazının açılması üçün güc tətbiqinə icazə verən qətnamə qəbul etməsində israrlıdır.
BƏƏ Xarici İşlər Nazirliyi isə bu cür planların mövcudluğunu təkzib etməyib. Bildirilib ki, Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasının vacibliyi ilə bağlı “geniş qlobal konsensus” mövcuddur.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı müharibəsindən əvvəl dünya üzrə dəniz yolu ilə ixrac olunan neftin təxminən beşdə biri Hörmüz boğazından daşınırdı. Boğazın bağlanması isə enerji daşıyıcılarının dünya bazarında qiymətlərinin kəskin artmasına səbəb olub.