ABŞ-yə məxsus iki “Black Hawk” helikopterinin İranın dağlıq ərazilərində yaşayan tayfalar tərəfindən vurulduğu bildirilib.
Modern.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Gerçək vəd – 4” əməliyyatı ilə bağlı 55 saylı bəyanatında qeyd olunub.
Bəyanatda SEPAH İranın “cəsur tayfalarına” təşəkkürünü ifadə edib və vurğulanıb ki, “Black Hawk” helikopterləri keçilməsi çətin olan dağlıq ərazilərdə zərərsizləşdirilib.
Qeyd edilib ki, müharibənin 35-ci günündə İran tayfaları ölkənin gücünü nümayiş etdirib. Bildirilib ki, Kohgiluyə, Boyer-Əhməd və Bəxtiyari tayfaları ayrı-ayrılıqda, İran silahlı qüvvələrinin birbaşa iştirakı olmadan, çətin keçilən dağlıq ərazilərdə vurulmuş F-35 təyyarəsinin pilotlarını xilas etmək məqsədilə ölkənin hava məkanına daxil olmuş iki “Black Hawk” helikopterini məhv ediblər.
Məlumat üçün qeyd edək ki, Kohgiluyə İranın cənub-qərbində yerləşən bölgədir və əhalisinin əksəriyyətini lurlar təşkil edir. Boyer-Əhməd isə həmin regionda, Kohgiluyə və Boyer-Əhməd ostanında yaşayan iri köçəri tayfa birliyidir və etnik olaraq lur xalqına mənsubdur. Bəxtiyarilər də əsasən İranın cənub-qərbində, Zaqros dağları ətrafında məskunlaşan, lur mənşəli böyük köçəri tayfa ittifaqlarından biridir.