Modern.az

İtaliyanın “qanlı kölgəsi” çökdü – mafiya lideri tutuldu, Meloni danışdı

İtaliyanın “qanlı kölgəsi” çökdü – mafiya lideri tutuldu, Meloni danışdı

Dünya

Bu gün, 12:30

İtaliya hüquq-mühafizə orqanları ölkədə ən çox axtarılan cinayətkarlardan biri hesab olunan 48 yaşlı Roberto Mazzarellanın saxlanılması üçün uğurlu xüsusi əməliyyat həyata keçirib.

Modern.az-ın məlumatına görə, Neapol mənşəli Camorra mafiyasının üzvü olan Mazzarella Amalfi sahilində yerləşən mənzərəli ərazidə aşkarlanıb. Uzun müddət gizlənən və “ən çox axtarılanlar” siyahısında yer alan şübhəli, lüks villaya təşkil olunan qəfil əməliyyat zamanı ələ keçirilib. Araşdırma zamanı müəyyən edilib ki, mafiyaya bağlı şəxslər daşınmaz əmlakı icarəyə götürmək və diqqətdən kənarda qalmaq üçün saxta sənədlərdən istifadə ediblər.

Mazzarella 26 il əvvəl törədilmiş ağır cinayətdə ittiham olunur. O, 2000-ci ildə Neapolun mərkəzində baş verən və ölümlə nəticələnən silahlı insidentdə iştirakına görə axtarışda idi. Həmin dövrdə “Delicious” restoranına edilən hücum nəticəsində insanlar həyatını itirmiş, hadisə isə Camorra klanları arasında baş verən ən qanlı qarşıdurmalardan biri kimi tarixə düşmüşdü.

İtaliyanın Baş naziri Corcia Meloni əməliyyatın uğurla yekunlaşması münasibətilə hüquq-mühafizə orqanlarını təbrik edib. O bildirib ki, bu həbs cəzanın qaçılmaz olduğunu bir daha nümayiş etdirir: “Bu, dövlətin geri çəkilməyəcəyinin və mütəşəkkil cinayətkarlığa qarşı prinsipial mübarizəsini davam etdirəcəyinin açıq göstəricisidir.”

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı