Rusiya və İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutub və regiondakı son vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Modern.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ ilə İran arasında əldə olunan iki həftəlik atəşkəs razılaşmasını müsbət qiymətləndirib. O, bu addımın regionda gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Telefon danışığı zamanı Lavrov qeyd edib ki, əldə olunan razılaşmalar yalnız İranla bağlı məhdudlaşmamalı, ümumilikdə regiona, o cümlədən Livana da şamil olunmalıdır. Onun sözlərinə görə, bu yanaşma Yaxın Şərqdə sabitliyin qorunmasına xidmət edə bilər.
İranın xarici işlər naziri Abbas Əraqçı isə öz növbəsində Moskvanın mövqeyini yüksək qiymətləndirib. O, Rusiyanın BMT Təhlükəsizlik Şurasında İranla bağlı müzakirələr zamanı nümayiş etdirdiyi prinsipial mövqeyə görə təşəkkürünü ifadə edib.
Tərəflər, həmçinin vurğulayıblar ki, hazırkı həssas mərhələdə diplomatik səylərin davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, regionda sabitliyin bərqərar olunması üçün bütün tərəflər məsuliyyətli davranmalı və gərginliyi artıracaq addımlardan çəkinməlidir.
Moskva bir daha bəyan edib ki, münaqişələrin yalnız siyasi-diplomatik yollarla həlli mümkündür və bu istiqamətdə səylər davam etdirilməlidir.