Hörmüz boğazında yaranmış gərginlik qlobal gübrə tədarük zəncirinə ciddi təsir göstərir.
Modern.az xəbər verir ki, beynəlxalq analitiklərin məlumatına görə, bu strateji su yolu vasitəsilə normal şəraitdə dünya üzrə dəniz yolu ilə daşınan gübrələrin təxminən üçdə biri həyata keçirilir. Eyni zamanda, qlobal karbamid (sidik cövhəri) ixracının yarısı məhz bu marşrutdan keçir.
Məlumata əsasən, boğaz həm də gübrə istehsalı üçün vacib xammalın daşınmasında mühüm rol oynayır. Belə ki, dünya üzrə ammonyak tədarükünün təxminən 30%-i, kükürd ticarətinin isə demək olar ki, 50%-i bu marşrutun payına düşür. Bundan əlavə, mayeləşdirilmiş təbii qazın (LNG) 20%-i də buradan nəql olunur ki, bu da azot gübrələrinin istehsalında əsas xammal hesab edilir.
Bildirilir ki, bölgədə baş verən böhran və mümkün blokada artıq bazarda qiymət artımına səbəb olub. 2026-cı ilin mart ayının ilk həftəsində karbamidin qiyməti regionda 19% yüksəlib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozlarına görə, vəziyyət davam edərsə, 2026-cı ilin ilk yarısında gübrə qiymətləri orta hesabla 15–20% arta bilər.
Ekspertlər qeyd edirlər ki, bu vəziyyət xüsusilə yaz əkin mövsümündə daha ciddi risklər yaradır. Ən çox zərər görəcək ölkələr isə Cənub-Şərqi Asiya və Afrika regionunda yerləşən, idxaldan asılı olan dövlətlər hesab olunur.
Qeyd olunur ki, böhranın dərinləşməsi yalnız gübrə bazarı ilə məhdudlaşmayacaq, eyni zamanda qlobal ərzaq qiymətlərinin artmasına və kənd təsərrüfatı məhsuldarlığının azalmasına səbəb ola bilər.