Xankəndi Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 km aralıda yerləşir. İnzibati cəhətdən Xankəndinin əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olub. Sahəsi 8,8 km²-dir.
Xankəndi şəhəri şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı rayonları ilə həmsərhəddir.
Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə, şəhər XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınıb. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində tikilib. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınıb. Qısa bir müddətdən sonra isə Xankəndi adını alıb.
Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayıb. Bu işə daim Azərbaycanın ümumi respublika resurslarından böyük dəstək verilib.
Xankəndində tikilmiş müəssisələr Yuxarı Qarabağın sənaye məhsulunun yarısından çoxunu istehsal edirdi. Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının məhsulları isə Azərbaycanın daxili bazarında özünə layiqli yer tutmuşdu.
Xankəndi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olduğu zamanlarda onun adı Stepanakert qoyulmuşdu.
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Qanununa əsasən, şəhərin tarixi adı özünə qaytarılıb.
Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən 28.12.1991-ci ildə işğal olunub.
Modern.az saytı hazırda düşmən işğalında olan Xankəndinin fotolarını təqdim edir. Fotoları şəkilaltı sözlərlə əslən Xankəndi şəhərindən olan, Modern.az saytının əməkdaşı İlham Cəmiloğlu şərh edib.
Xankəndi, Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsinin ilk binası

Şəhərin mərkəzində yerləşən "Qarabağ" mehmanxanası. 1988-ci ilin fevralında Azərbaycan KP MK-nın 2-ci katibi Konovalov və Məhəmməd Əsədovun Xankəndini təcili tərk etmələri ilə bağlı naməlun zəng məhz bu mehmanxanaya gəlmişdi

Xankəndi şəhərinin Mərkəzi Stadionu. Məlum hadisələrə qədər bu stadionda azarkeşlərin mübahisə və davaları tez-tez baş verib. Həmin dövrdə heyəti demək olar ki, bütövlükdə ermənilərdən ibarət olan Xankəndinin "Qarabağ" komandası Lənkəranın "Xəzər", Naxçıvanın "Araz" futbol klubları ilə görüşəndə bu stadionda yaranan milli zəmində olan mübahisələri bir çox hallarda polislər sakitləşdirib

Xankəndi Pedaqoji İnstitutu. Hazırda bu binada Artsax Dövlət Universiteti fəaliyyət göstərir. 1988-ci ildə ermənilər Xankəndi şəhərində mitinq və nümayişlərə başlayanda əsas planlarından biri də, bu təhsil ocağında oxuyan azərbaycanlı tələbələri və çalışan müəllim-professor heyətini şəhərdən uzaqlaşdırmaq olub

Bu abidə 1975-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 30 illiyi münasibətilə yaradılıb. Hazırda bu kompleksdə Qarabağ savaşında ölən qatil xislətli erməni döyüşçülər dəfn olunur

Xankəndi şəhərinin Ağdam istiqamətindən girişi. Yerli sakinlər buranı "koltsevoy" adlandırıblar

Maksim Qorki adına Xankəndi Dövlət Dram Teatrı. Hələ dünyanın düz vaxtlarında Bakı teatrları bu binada tamaşalar nümayiş etdirəndə şəhərin erməni sakinləri bu tamaşaları qısqanclıqla qarşılayıblar

Şəhərin Kirov prospektində yerləşən 9 mərtəbəli yaşayış binası. Bu binanın birinci mərtəbəsində "Nağıl" univermağı fəaliyyət göstərib

Təbiətin bütün gözəlliklərini özündə cəmləşdirən Xankəndi şəhərinin bütün küçə və prospektləri yaşıllıqlar içində olub

Şəhər poliklinikası və 366-cı alayın qarşısında yerləşən istirahət parkı

Xankəndi dəmiryolu vağzalı. 12 yanvar 1979-cu ildə Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyev stansiyanın açılışını edib

80-ci illərin əvvəllərində tikilib istifadəyə verilmiş Siyasi Maarif evi

Köhnə Xankəndi, ilk çoxmənzilli yaşayış binaları

Xankəndinin mərkəzi poliklinikası

80-ci illərdə sürətlə tikilən yaşayış massivi, Engels küçəsi

2 saylı uşaq baxçası

Xankəndi asfalt zavodu

Xankəndinin kolxoz bazarı

Zamanında çox məşhur olan "Rossiya" kinoteatrı

Xankəndi Dövlət Bankı
