Əməkdar artist Cabir İmanov sentyabrın 29-da vəfat edib. O, Bakının Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında məşq zamanı infarkt keçirib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həkimlərin səylərinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə idman zalının müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb. Kadrlarda aktyorun oturduğu yerdə müvazinətini itirərək yıxıldığı görünür.
Hadisənin qeydə alındığı videogörüntü sosial mediada və bəzi KİV-lərdə yayımlanıb ki, bu da mərhumun ailəsinin etirazına səbəb olub.
Cabir İmanovun ölüm anını əks etdirən videonu sosial media və mətbuata kim verib? Çoxları üçün sualın cavab bəllidir: idman zalından sızdırılıb.
Modern.az baş vermiş hadisənin videogörüntüsünün sosial mediaya ötürülməsinin hüquqi cəhətdən nə dərəcədə düzgün olduğunu aydınlaşdırmaq üçün hüquqşünas Ramil Süleymanovla əlaqə saxlayıb.
Hüquqşünas qeyd edib ki, Cabir İmanov publik şəxs olmaqla yanaşı, həmçinin tanınmış aktyor, eləcə də ictimai xadim idi. Onun sözlərinə görə, belə şəxslər cəmiyyətdə daim maraq doğurduqları üçün, onların həyatı ilə bağlı məsələlər – istər sağlıqlarında, istərsə də vəfat etdikdən sonra ictimai əhəmiyyət daşıyır.
“Bu səbəbdən, media orqanlarının bu kimi hallarda məlumat əldə etməsi və yayması onların əsas vəzifələrindən biridir. Əlbəttə ki, burada şəxsi həyatın toxunulmazlığı və vətəndaş hüquqlarının qorunması da əsas prinsiplərdən biri olaraq qalır”.
R.Süleymanov bildirib ki, Cabir İmanovun idman zalında vəfat etməsi və bu hadisənin müşahidə kameralarına düşməsi ilə bağlı görüntülərin yayılması məsələsinə gəlincə, burada hər hansı hüquqi pozuntu yoxdur.
“Bu, adi siravi vətəndaşa qarşı həyata keçirilsəydi, həmin şəxsin varisləri müvafiq qaydada hüquqi iddia qaldırmaq hüququna malik ola və hətta idman zalını mülki məsuliyyətə cəlb olunmasına da nail ola bilərdilər”.
Hüquqşünas onu da diqqətə çatdırıb ki, Cabir İmanov kimi ictimai maraq doğuran bir şəxsin həyatına dair məlumatlar və görüntülər ictimaiyyətin məlumatlandırılması baxımından əsaslandırılmış sayılır.
“Belə olan halda, onunla bağlı yayılan görüntülərdə şəxsi həyatın toxunulmazlığı və digər hüquqi prinsiplər kobud şəkildə pozulmadığı müddətcə, bu tip görüntülərinin paylaşılmasında hər hansı qanun pozuntusu yoxdur”,- deyə R.Süleymanov qeyd edib.
Xatırladaq ki, Cabir İmanov Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılıb.