Bu gün Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhərinin - Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulmasından 5 il ötür. 2020-ci ilin payızında baş verən həmin hücum nəticəsində günahsız insanlar həyatını itirmiş, şəhərin dinc sakinlərinə və infrastrukturuna ciddi ziyan dəymişdi.
Gəncə terrorunun canlı şahidləri arasında Sevil və Hüseyn də var.
Modern.az saytı o qanlı anların şahidi olan Sevil Əliyeva ilə həmsöhbət olub.
“Həmin vaxtdan 5 il keçsə də, o gecəni unuda bilmirəm. İnsanın yaddaşına silinməz iz buraxan, ifadəsi olmayan, çox çətin anlar idi. Terrorun heç gözləmədiyim bir vaxtda-gecə yarısı baş verməsi hər şeyi daha da ağırlaşdırmışdı. O an həyatımda ilk dəfə əsl çarəsizliyi yaşadım”.
Bu sözləri Gəncə terroru zamanı hər iki valideynini itirən Sevil Əliyeva saytımıza deyib.
Sevil xanım həyat yoldaşının onu xilas etdiyi anlardan da bəhs edib:
“Dəqiq vaxtı xatırlamıram, amma çox keçməmişdi ki, həyat yoldaşım Talışın səsini eşitdim. Hamıdan əvvəl o yetişmişdi. Əvvəlcə mənə kömək etdi, evdən çıxarmağa çalışdı. Amma mən valideynlərimi orada qoyub gedə bilməyəciyimi dedim. Onların otağına keçdik, orada təsəvvürə gəlməyən bir mənzərə hökm sürürdü - səslər bir-birinə qarışmışdı. Hər yerdə fəryad səsləri eşidilirdi. O səslər arasında atamın səsini də eşitdim… O artıq son nəfəsini verirdi. Üstü daş və torpaqla örtülü olsa da, səsi hələ də gəlirdi. Talış vəziyyəti anlayan kimi məni qucağına alıb məcbur evdən çıxardı”.
Müsahibimiz həyat yoldaşının fədakarlığından da bəhs edib:
“Talışla eyni sinifdə oxumuşuq, həm də qonşu olmuşuq. Həyat bizi hər zaman bir yerdə saxladı. O, heç bir çətin anımda məni tək qoymadı. Yaşımız az olsa da, o, hər zaman mənə dayaq olmağa çalışdı. İllər keçdikcə, mənim ən çox güvəndiyim insan, ən yaxın dostum, dərd ortağım və nəhayət, sözün əsl mənasında həyat yoldaşım oldu. Bu, mənim üçün böyük bir xoşbəxtlikdir”,- deyə o bildirib.
Sevil Əliyeva o günlərdən keçməyin asan olmadığını da vurğulayıb:
“Allah heç bir övlada belə ağrılar yaşatmasın. O dağıntılar, insanların fəryadı, cansız bədənlər gözümün önündən, qulağımdan silinmirdi. Aylarla yuxuya gedə bilmirdim, hər dəfə atamın son səsi qulağımda əks-səda verirdi. Bunları danışmaq indi də mənim üçün çox çətindir”.
“Bir müddət sonra başa düşdüm ki, yaşamalıyam”,- deyə o əlavə edib:
“Çünki mənim mənə əmanət qardaşım var idi. Artıq ona bacı olmaqla yanaşı, həm də ana və ata olmalıydım. Bu düşüncə ilə həyatın bir ucundan tutub irəliləməyə çalışdım”.
Sevilin sözlərinə görə, qardaşı Hüseyn həmin gün evdə olmayıb:
“Qorxduğu üçün nənəmgildə, Şəmkirdə qalırdı. O zaman səkkiz yaşı var idi. İndi mənimlə birlikdə yaşayır, səkkizinci sinifdə oxuyur. Hüseyn anamı çox istəyirdi, onun itkisinə uzun müddət inanmadı. Aylarla gözləyirdi ki, bəlkə anam gələcək, ya da heç olmasa, zəng edəcək. Amma zamanla o da mənim kimi güc tapdı. Mən ondan, o isə məndən dayaq aldı”.
Qeyd edək ki, yaxın zamanlarda Sevil Əliyeva ana olacaq.