Bakıda sələmçini xüsüsi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib.
Şahid E.M təqsirləndirilən Elçin Vəliyevi tanımadığını bildirib:
"Mən hərbiçiyəm. Həmin gün istirahət günü idi, evimdə yatmışdım. Qəfil gələn səsə oyandım. Paltarımı geyinib tez həyətə qaçdım. Gördüm ki, Təravət xanım yerdə qan içindədir, qonşular da başına toplaşıb. Onun qapısının qabağında yerdə qanlı bir bıçaq vardı. Təravət xanım güclə mənə telefonunu verdi ki, "Sağ qolumu işlədə bilmirəm, kömək elə qızıma yığaq. Evin qapısı da açıqdır, qazı söndürmək yadından çıxmasın". Mən də kömək elədim, qızına zəng etdim. Çox keçmədən "təcili yardım" gəldi, xanımı "Semaşko"ya apardılar".
Məhkəmə istintaqının tamamlandığını elan edib.
Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin olunub.
Xatırladaq ki, hadisə ötən ilin sentyabrında Bakıda baş verib.
Sələmçilik fəaliyyəti ilə məşqul olan Təravət Cəfərxanovanın Elçin Vəliyev tərəfindən 23 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.
İstintaqla o da müəyyən edilib ki, Elçin Vəliyev Təravət Cəfərxanovadan sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq üçün hadisəni törədib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.