Modern.az

Sinif yoldaşını döyən şagird CƏZALANDIRILDI

Sinif yoldaşını döyən şagird CƏZALANDIRILDI

Hadisə

24 Fevral 2026, 23:33

Şabran rayonunda 2007-ci il təvəllüdlü Valeh tanışı Osmana (adlar şərtidir - red.) xəsarət yetirib. Hadisə rayonun Əmirxanlı kəndi ərazisində baş verib. Valeh küçə ilə gedərkən 2008-ci il təvəllüdlü Osman ilə öz arasında qəsdən mübahisə yaradıb. O, yumruqla Osmanın sol göz nahiyəsinə, təpiklə baş nahiyyəsinə vurub. Onu yerə yıxdıqdan sonra yerdə təpiklə bir neçə dəfə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Modern.az xəbər verir ki, Valehin barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Valeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, orta məktəbinin 11-ci sinfində oxuyur: “2025-ci il tarixdə dəqiq xatırlamadığım saatda məktəbdən çıxaraq evə gedən zaman yolda sinif yoldaşım İlqar ilə zarafatlaşdım. Sonra orada olan Əfqan ilə söz mübahisə etdim. Bu zaman yanımızda olan digər sinif yoldaşım Osman yaxınlaşaraq səbəbsiz yerə mənimlə mübahisə etməyə başladı. Lakin ona fikir vermədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Osman ona yenidən sözlə sataşmağa davam edib: “Bir qədər aralandıqdan sonra Osmana arxadan yaxınlaşaraq yumruqla sifət nahiyəsinə vurdum. O, mənə tərəf çöndükdə təpiklə onun başına zərbə endirdim. Bu zaman Osman yerə yıxıldı. Yerdə ona təpik zərbələri vurdum. Bundan sonra Osman özündən getdi. Yerdə huşsuz olan zaman ondan aralandım. Lakin əsəbi olduğu üçün yenidən onun tərəfə qayıdaraq onu yerdə yenidən təpiklədim. Onun üz nahiyəsində qan olduğunu gördüm. Bundan sonra oradan uzaqlaşdım və evə getdim. Bununla yanaşı mənin də həmin zaman ayağım burxuldu. Osman ilə dalaşan zaman ətrafda kimlər olduğunu dəqiq xatırlamasam da, Əfqanın orada olduğu yadımdadır”.

Osmanın sözlərinə görə, sinif yoldaşı Valeh ilə təxminən hadisədən 3-4 ay əvvəl aralarında söz mübahisəsi olub: "Bundan sonra Valeh mənə söz atdı. Lakin ona fikir vermədim. O, mənimlə dalaşmaq istədiyini dedi. Amma mən dalaşmaq istəmədiyimi bildirdim. Hadisə günü günorta dərsdən evə gedərkən Əfqan və Valeh aralarında sözlə mübahisə etməyə başladı. Mən Valehə irad bildirərək Əfqanı müdafiə etdim. Valeh mənə dalaşmaq istədiyini, onunla dalaşmasam söyüş söyəcəyini bildirdi. Mən yenə ona fikir vermədim. Bu zaman mənə zəng gəldi. Zəng edən dostum ilə danışan zaman telefonda dostuma “yanımda bir nəfər var, bayaqdan sakit dayanmır” dedim. Bu vaxt Osman kim olduğunu soruşdu. Ona dedim ki, sən tanımazsan, mənim dostumdur. Bundan sonra Əfqanla yol ilə gedərkən gözləmədiyim halda arxadan üz nahiyəmə ə yumruq zərbəsi atıldı. Zərbə yanaq nahiyəmə dəydi. Mən arxaya dönəndə zərbənin Osman tərəfindən vurulduğunu anladım. Bu zaman Osman ayağımdan yapışaraq yıxmaq istədi. Məndən tutmaq istədikdə isə yerə yıxıldım. Yerdən qalxmaq istəyərkən Osman təpiklə üz nahiyəmə vurdu. Bu zərbədən yerə yıxıldım. Yerdə olarkən Osman mənə təpiklə zərbələr endirdi. Məndən bir qədər aralandı, qayıdaraq yenidən zərbələr vurdu. Bundan sonra özümdən getdim. Bir neçə dəqiqə sonra Əfqan məni çağırdı. Mən özümə gəldim, oyanarkən burun nahiyəmdən qan gəldiyini, yaxamın  qan olduğunu gördüm. Sonra yenidən özümdən getdim. Əfqanın köməkliyi ilə yaşadığım evə çatdım. Sonrakı gün burun nahiyəmdə ağrılar olduğu üçün həkimə getdim”.

Şabran Rayon Məhkəməsinin hökmü ilə Valeh 1 il 2 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb.

Təqsirləndirilən şəxsə cəzasını çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməsi, yaşayış yeri olan evi hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməsi qadağan olunub.

Bundan əlavə ona bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, habelə belə tədbirlərdə iştirak etməmək vəzifələri tapşırılıb. (Demokrat.az)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada PROSES BAŞLADI! - Azərbaycanlılar vətəndaşlıqdan çıxarılır - Xəbəriniz Var?