2026-cı ilin ilk 3 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 33,6 faizi, yaralananların isə 29,1 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub.
Bu barədə Modern.az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhülkəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir.
Dəfələrlə təsdiq olunub ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər, kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır.
"Sərnişinlər də təhülkəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar"-, məlumatda qeyd edilib.