Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə start verən "Qarabağ" ilk oyununa çıxacaq. Komandamız Portuqaliyada "Benfika" ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq. Komandamız portuqaliyalılarla mübarizədən necə çıxacaq?
Baş məşqçisi Qurban Qurbanovun matça istədikləri kimi hazırlaşa bilmədiklərini deməsi azarkeşlərin narahatlığına səbəb olub.
“Bəzi səbəblərə görə, istədiyimiz kimi hazırlaşa bilmədik. Amma yaxşı təcrübəmiz var. İnanıram ki, futbolçular çəkinmədən mübarizə aparacaqlar",- o deyib.
Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a açıqlamasında bildirib ki, “Qarabağ” kimi komandaların işi ancaq fədakarlıqdır:
“Komandanın iç məsələlərinin çoxunu bilmirik: zədəli futbolçuların vəziyyəti necədir, ehtiyat oyunçu imkanları hansı səviyyədəddir və s. Hər şeyi də ictimaiyyətə açıqlamaq olmur. “Qarabağ” milyonlarla vəsaiti olan komanda deyil ki, 11 nəfər oyunçu, əlavə 10 nəfərdən çox heyət saxlaya bilsin, yaxud böyük əvəzedici potensialı yoxdur ki, beynəlxalq səviyyəli oyuna hazır vəziyyətə gətirilsin. Ona görə də, “Qarabağ” kimi komandaların işi ancaq fədakarlıqdır. Burada sırf texniki, peşəkarlıq nöqteyi-nəzərdən baxsaq, görərik ki, klubun Çempionlar Liqasındakı komandalarla rəqabət aparmaq imkanı minimum səviyyədədir. Amma bu komanda onsuz da Çempionlar Liqasına böyük maliyyə, yaxud futbol təsərrüfatının inkişafı baxımından geniş imkanlar nəticəsində çıxmayıb. Tipik bir fədakarlıq, situasiyanı düzgün qiymətləndirib qalib gəlmək hesabına çıxıblar”.
Deputat vurğulayıb ki, bütün bu prosesdə "Qarabağ"dan gözlədiyimiz sadəcə qələbə olmamalıdır:
"“Qarabağ”dan gözlədiyimiz səviyyəli və mübarizə dolu oyundur. Uduza da, heç-heçə də edə bilər. Buna görə heç kim incik olmamalıdır. Əksinə, yenə də sevincliyik ki, Avropanın güclüləri arasında yer alıb. Mən tam əminliklə deyirəm ki, Türkiyənin öndə gedən 3-4 klubunun imkanları cüzi şəkildə “Qarabağ”da olsaydı, Avropa məkanında kifayət qədər söz sahibi olan kluba çevrilərdik. Bunlar deməyə əsas verir ki, “Qarabağ” sistem komandasıdır, heç vaxt tökülmür, hətta “0:2”, “0:3” hesabı ilə uduzanda belə sistemini pozmamağa cəhd edir və bu da alınır. Ona görə də “Qarabağ”ı rahatlıqla məğlub etmək çətindir. Amma komandanın maliyyə imkanlarının artmasına da çalışmalıyıq. Ölkə prezidentinin 5 milyon manat ayırması da komandaya əlavə maliyyə imkanıdır. Biz çalışmalıyıq ki, cəmiyyətin müəyyən təbəqəsindən bu komanda üçün addım atılmasını təmin edə bilək. İş adamları bu prosesə qoşula bilər ki, belə brend komandanı biz Avropa məkanında yüksəklərə qaldıra bilək”.