Modern.az

Milli Qəhrəmanlardan “Qarabağ”ın qələbəsinə reaksiya: "Bu, təkcə idman deyil"

Milli Qəhrəmanlardan “Qarabağ”ın qələbəsinə reaksiya: "Bu, təkcə idman deyil"

İdman

17 Sentyabr 2025, 15:20

Azərbaycan çempionu "Qarabağ" Lissabonda “Benfika” üzərində 3:2 hesabı ilə qələbə qazanmaqla Avropanın idman ictimaiyyətinin diqqətini özünə çəkib. Komandanın bu zəfəri Azərbaycan üçün böyük mənəvi əhəmiyyət daşıyır. 

Klubun uğurlu çıxışı təkcə idman nəticəsi deyil, həm də Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycanın milli birliyi, vətənpərvərliyi və qələbə əzminin rəmzi kimi dəyərləndirilir. Bir çox azarkeş dünənki  oyunun tarixi əhəmiyyətini vurğulamaqla yanaşı, onu Qarabağ zəfərinin davamı kimi qiymətləndirib.

Azərbaycanın Milli Qəhrəmanları da bu rezonanslı idman hadisəsinə reaksiya veriblər.

Ehtiyatda olan baş çavuş İbad Hüseynov bildirib ki, "Qarabağ" Futbol Klubunun qazandığı qələbələr, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfərlə sıx bağlıdır.

“Biz Qarabağı azad etdikdən sonra, ölkəmizdə bir çox sahədə uğurlar dalğası baş qaldırdı. Bu, təkcə hərbi sahədə deyil, mədəniyyət, elm, idman və digər sahələrdə də özünü göstərir. Sözügedən uğurlar bizim milli ruhumuzun, birliyimizin və yenilməz iradəmizin təcəssümüdür. Qarabağda qazandığımız zəfər bütün Azərbaycan xalqına güc, inam və motivasiya verdi. Bu gün idman sahəsində əldə etdiyimiz hər bir nailiyyətin kökündə də həmin ruh dayanır”.

O həmçinin vurğulayıb ki, "Qarabağ" klubunun Avropa səviyyəsində göstərdiyi möhtəşəm çıxışlar, xüsusilə də dünənki oyun, buna əyani sübutdur:

“Azərbaycan xalqı dünyanın ən qüdrətli xalqlarından biridir. Biz təkcə güc və qəhrəmanlıq sahəsində deyil, eyni zamanda humanist dəyərlərə sadiq, mənəviyyatı yüksək, mədəni bir millətik. Biz birliyimizlə, həmrəyliyimizlə, inamımızla hər çətinliyin öhdəsindən gəlirik. Xalqımız güclüdür, mərddir və qalib xalqdır. Allah millətimizi, dövlətimizi və sarsılmaz birliyimizi daim qorusun!”

Ehtiram Əliyev də ötən gün baş tutan oyunla bağlı təəssüratlarını bölüşüb.

“Mən şəxsən dünənki oyunu izləyərkən böyük zövq aldım. Düzdür, oyun ilk dəqiqələrdə bizim üçün çətin başladı - 0:2 hesabı ilə geridə idik. Amma komandamız ruhdan düşmədi, əksinə, sonadək mübarizə apardı və sonda qələbə qazandı. Bu, sadəcə bir idman oyunu deyildi -  bu, bir ruhun, bir millətin qələbəsi idi. Tarixə düşəcək bir matç oldu.

"Qarabağ"ın Portuqaliyanın güclü bir komandasına qarşı belə parlaq oyun sərgiləməsi təkcə idman baxımından deyil, həm də milli qürur baxımından çox böyük əhəmiyyət daşıyır”,- deyə Milli Qəhrəman vurğulayıb.

“Mən, ümumiyyətlə, daimi futbol azarkeşi olmasam da, “Qarabağ”ın oyunlarını hər zaman böyük maraq və coşqu ilə izləyirəm. Çünki bu komanda təkcə futbol oynamır - onlar Qarabağın adını, Azərbaycan xalqının şərəfini və qürurunu təmsil edir”,- E.Əliyev fikrini tamamlayıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi