"Qarabağ" - "Kopenhagen" qarşılaşmasına artıq saatlar qalıb. Belə ki, qarşılaşma oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.
"Qarabağ"ın "Kopenhagen"lə oyunda hansı performansı göstərəcəyi, qələbə ehtimalının nə qədər olduğu hazırda azerkeşlərin ən çox maraqlandıran nüanslardır.
Moderna.az-a açıqlamasında futbol mütəxəssisi Ağasəlim Mircavadov bildirib ki, "Qarabağ" heç bir klubdan çəkinmir:
"Qələbəyə inam çoxdur. Çünki "Qarabağ"ın öz oyun sitili var. Əsas məsələ də budur. "Qarabağ" heç bir klubdan qorxmur. Bunu "Benfica" ilə oyun da göstərdi. Hamımızın qələbəyə ümidi var. "Kopanhagen"in iki oyununa baxdım. Açıq şəkildə təəssüratımı deyə bilərəm ki, "Kopenhagen" güclü komandadır. Amma onu məğlub etmək olar. Hesab edirəm ki, "Qarabağ" rəhbərliyi, məşqçi korpusu oyuna baxıb və uşaqlara məlumat veriblər. Rəqibin güclü və zəif nöqtələrini, artıq bilirlər. Bu da təhlil olunub. Ona uyğun öz oyunlarını sərgiləyəcəklər. Əsas məsələ də psixoloji durumdur. İndiki halda azerkeşlər "Qarabağ" oyunçularına çox kömək etməli, hər hərəkətlərində onları alqışlamalıdırlar. Futbolçular arxalarında azerkeşlərin olduğunu hiss etməlidirlər. Belə də olacağına inanıram. Bu, futboldur. Bizdə belə bir anlayış var ki, hər hansı zəif komanda filan klubu məğlub edib. Avropada zəif komanda yoxdur. Sən özün zəif olma. Bu situasiyada öz üzərində işləyib, ona uyğun hərəkət etməlisən. Ona görə, bu termini yaddan çıxarmaq lazımdır. "Qarabağ" öz oyunu ilə oynayacaq. Qələbə çalıb-çalmamaq məsələsinə gəldikdə, heç kim bu barədə proqnoz verə bilmir. SSRİ vaxtında, mən işləyəndə rəhbərlər "çempion olmalısan", dahilər isə "çempionluğa oynayıram" deyirdi. İnşallah "Qarabağ" öz oyunu ilə qələbə çala bilər. Burada əsas məsələ odur ki, səhvlər olmamalıdır. Psixoloji durum vacib amildir. Oyunçuların psixoloji durumu yüksək səviyyədə olmalıdır ki, biri səhv edəndə digəri onu düzəltsin. Yəni oyunçuların bir-birinə inamı mütləqdir.
Mütəxəssis vurğulayıb ki, rəqibin hər bir hərəkətindən istifadə etmək lazımdır:
"Rəqib komandanın oyunçuları uzun boyludur. Standart hücumlarda, künc və cərimə zərbələrində ehtiyatlı olmaq lazımdır. Bu vacib amildir. “Kopanhagen” sonuncu oyunda sağ tərəfdən yaxşı hücum edib, kəllə ilə qol vurdu. Onlar “Bayer Leverkuzen”lə oynayırdılar. “Bayer Leverkuzen” isə ikinci qolu əsas oyunun başa çatmasına 3 dəqiqə qalmış vurdu. Yəni onlar da axır dəqiqələrdə səhv edə bilirlər. Onların hər bir hərəkətindən istifadə etmək lazımdır. Yerdə oyun gedəndə onlar topu axtarırdlar. Əsas odur ki, onlara şans verməsinlər. Bu il “Qarabağ” çox şey elədir. Çempionlar Liqasına düşmək hər kluba nəsib olmur. “Qarabağ” oyunu gülə-gülə azerkeşlər üçün oynamalıdır. Psixoloji durum yüksək səviyyədə olsa, qələbə qazanılacaq".