Türkiyənin məşhur turizm bölgələrindən biri olan və UNESCO-nun Dünya İrsi Siyahısında yer alan Kapadokya beynəlxalq idman yarışına ev sahibliyi edəcək.
Modern.az xəbər verir ki, “Pəri bacaları” kimi tanınan Kapadokyada oktyabrın 17-19-da 12-ci Salomon Cappadocia Ultra-Trail yarışı keçiriləcək. Artıq 12 ildir təşkil olunan bu idman yarışı dünyanın 75 müxtəlif ölkəsindən gələn yüzlərlə idmançını bir araya gətirəcək.
Türkiyə Gənclər və İdman Nazirliyinin, Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA), Türkiyə Atletizm Federasiyasının və yerli idarələrin dəstəyi ilə keçirilən yarış idman turizminin inkişafına töhfə verməklə bərabər, Kapadokyanın möhtəşəm təbiətini dünya səhnəsində tanıdır.
12-ci Salomon Cappadocia Ultra-Trail yarışında yürüş iştirakçılarına dörd fərqli marşrut təqdim olunur.
Salomon Cappadocia MINI Trail (CMIT) – Trail running dünyasına ilk addımını atanlar üçün nəzərdə tutulmuş qısa marşrutdur. Marşrut təxminən 14 km məsafəni əhatə edir, 308 m yüksəklik fərqi ilə seçilir.
2-ci Salomon Cappadocia Short Trail (CST) marşrutu Kapadokyanın vadilərindən keçəcək və təxminən 38 km məsafəni əhatə edir.
3-cü Salomon Cappadocia Medium Trail (CMT) marşrutu isə 63 km məsafəni və 2030+ m yüksəklik fərqini əhatə edir. Bu orta məsafəli marşrut həm mənzərə, həm də dözümlülük baxımından iştirakçılara unudulmaz təcrübə bəxş edir.
Nəhayət, sonuncu- 4-cü Salomon Cappadocia Ultra-Trail (CUT) marşrut yarışın ən nüfuzlu və ən çətin mərhələsi hesab olunur. Bütün bölgəni əhatə edən bu 119 km-lik epik marşrutda 3730+ m yüksəklik fərqi mövcuddur.
Qaliblərin adları oktyabrın 19-da keçiriləcək rəsmi mükafatlandırma mərasimində açıqlanacaq.
Qeyd edək ki, idman tədbiri Türkiyənin, həmçinin Kapadokiyanın turizm, mədəniyyət dəyərlərini dünyaya nümayiş etdirir.
MICHELIN bələdçisinin Türkiyə xəritəsinə daxil edilən Kapadokya ötən il muzey və arxeoloji abidələrinə 4,37 milyon ziyarətçi qəbul etməklə böyük maraq qazanıb.