Modern.az

"Qarabağ" "Napoli" ilə matça sonuncu oyun kimi yanaşmalıdır

"Qarabağ" "Napoli" ilə matça sonuncu oyun kimi yanaşmalıdır

İdman

25 Noyabr 2025, 11:51

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci turuna start veriləcək. “Qarabağ” klubu İtaliyada yerli “Napoli”nin qonağı olacaq. Matçı polşalı hakim Şimon Marçinyak idarə edəcək. 

Qeyd edək ki, oyun Bakı vaxtı ilə 24:00-da başlayacaq.

"Napoli" ilə oyunun nəticəsi "Qarabağ"ın növbəti mərhələyə adlaması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Tanınmış məşqçi Ağasəlim Mircavadov Modern.az-a bildirib ki, “Qarabağ” “Napoli” ilə oyundan xalla qayıdacaq:

“Hər oyun “Qarabağ” üçün önəmlidir. “Qarabağ” pley-off mərhələsinə keçmək istəyirsə, mütləq xallar qazanmalıdır. Çempionlar Liqasında tək bir klubla ayrı-ayrı ölkələrin çempionları ilə oynayırıq və hər ölkənin - İngiltərə, İspaniya və İtaliyanın özünəməxsus oyun sistemi var. Burada hər sistemə uyğun hazırlaşıb hərəkət etməlisən. “Qarabağ” inkişaf üçün hər oyuna köklənməlidir.

Mən ümidliyəm, “Qarabağ”ın Bakıya xalla qayıdacaq".

A.Mircavadov "Qarabağ"ın diqqət göstərməli olduğu məqamlardan da söhbət açıb:

"Lakin onu da yaddan çıxarmayaq ki, “Napoli”nin bəzi aparıcı oyunçuları yoxdu və bu oyun onun üçün həddindən artıq vacibdir, çünki xalı aşağıdır. “Napoli” oyunçuları tez qol vurmaq üçün tələsəcəklər, daha aktiv olub pressinq etməyə çalışacaqlar. Bundan istifadə etmək lazımdır. “Qarabağ” “Napoli” oyunçularını top saxlamaqla, ağıllı oyunu ilə hirsləndirməlidir. Mən ancaq bir şeyi xahiş edirəm ki, “Qarabağ” əsasən cinahlardan verilən ötürmələrdə, cərimə meydançasında ehtiyatlı olsun. Çünki italiyan oyunçular cərimə meydançasında həddindən çox aqressiv oynayırlar. Buna çox fikir verməliyik.

Xal qazanmaq “Qarabağ”ın öz əlindədir. Hər oyun növbəti mərhələyə adlamaq üçün önəmlidir. “Qarabağ” öz nüfuzunu Avropada saxlamalıdır. Digər yandan azarkeşləri, "Qarabağ Azərbaycandır!" şüarını unutmaq olmaz. Əsas odur ki, öz oyunumuzu inkişaf etdirək. Hələ qarşıda xeyli oyun var, indi “Napoli”yə uduzsaq da, “Ayaks”ı udarıq kimi düşünmək olmaz".

Futbol mütəxəssisi vurğulayıb ki, qalib gəlməmək üçün heç bir səbəb yoxdur:

"Niyə də qalib gəlməyək? Bunu mən “Qarabağ”ın oyununa, oyunçuların keyfiyyətinə görə deyirəm. “Qarabağ”da oyunçular çox keyfiyyətlidir. Keyfiyyətli oyunçuların olması irəliləyişin bir səbəbidir. Hər oyun “Qarabağ” üçün axırıncı oyun sayılmalıdır. Bunu yaddan çıxarmayaq. “Qarabağ” bəzi matçlarda mövqe səhvləri və qol şəraiti yaradıb vura bilmədiyinə görə uduzub".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Putinin üzünə qayıtdı: Gəlmirik!