Xəbər verdiyimiz kimi İtaliya mətbuatı UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində bu gün keçiriləcək “Napoli” – “Qarabağ” oyununun pis hava şəraiti səbəbindən təxirə salına biləcəyini yazıb.
Qeyd olunub ki, matçın keçiriləcəyi Neapol şəhərində yağışlı hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib. Proqnozuna əsasən, bölgədə yağıntının artması, leysan və güclü ildırım gözlənilir ki, bu da hidrogeoloji qeyri-sabitlik və daşqın riski də daxil olmaqla, bir çox ciddi fəsadlara gətirib çıxara, güclü külək açıq sahil xətləri boyunca qasırğa dalğalarına səbəb ola bilər.
Modern.az-ın məlumatına görə “Qarabağ” klubundan AzərTac-a bildirilib ki, hava şəraitinə baxmayaraq, matçın təxirə salınması nəzərdə tutulmayıb.
Klubun kommunikasiya departamentinin rəhbəri Anar Hacıyevin sözlərinə görə, hazırda gündəmdə belə bir məsələ yoxdur.
Qeyd edək ki, “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” oyunu Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.
****
12:08
UEFA Çempionlar Liqasının 5-ci turunda keçiriləcək “Napoli” – “Qarabağ” oyununun hava şəraiti ilə bağlı təxirə salına biləcəyi barədə İtaliya mətbuatında məlumatlar yayılıb.
Modern.az xəbər verir ki, oyunun keçiriləcəyi bölgəsində güclü yağış və fırtına təhlükəsinə görə yerli hakimiyyət “narıncı səviyyəli” hava xəbərdarlığı elan edib.
Bu fonda bəzi idman tədbirlərinin ləğv oluna və ya təxirə salına biləcəyi ehtimalları gündəmə gəlib.
İtalyanın "MeteoWeb" portalı bölgədəki qeyri-sabit hava səbəbindən “Napoli–Qarabağ” oyununda da müəyyən riskin mövcud olduğunu yazıb. Nəşr qeyd edir ki, yağış və küləyin şiddətinə görə matçın taleyi son anda qiymətləndirilə bilər.
Lakin “Napoli” klubuna yaxınlığı ilə tanınan "CalcioNapoli24" saytı rəsmi mənbələrə istinadən bildirib ki, hazırda qarşılaşmanın təxirə salınması gündəmdə deyil. Məlumata görə, "Diego Armando Maradona" stadionu planlaşdırıldığı kimi açıq olacaq və matçın keçirilməsi üçün bütün hazırlıqlar davam edir.
Qeyd edək ki, final qərar hava şəraitinin növbəti saatlarda necə dəyişəcəyindən asılı olacaq.