Modern.az

Tufan da qopsa, "Qarabağ" bu gün qalib gələcək" Deputatlar

Tufan da qopsa, "Qarabağ" bu gün qalib gələcək" - Deputatlar

İdman

10 Dekabr 2025, 11:08

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Qarabağ" növbəti oyununa çıxacaq. Komandamız bu gün Niderlandın "Ayaks" klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Bəziləri düşünür ki, hava şəraitinin yağışlı olması komandamızın oyununa mənfi təsir göstərə bilər. Amma buna baxmayaraq, böyük əksəriyyət "Qarabağ"dan qələbə gözləyir.

Modern.az oyunla bağlı deputatların da fikirlərini öyrənib.

Milli Məclisin komitə sədri Fazil Musatafa oyuna baxacağını söyləyib:

"Yağış da, qar da olsa, fərq etməz, komanda gözəl oyun oynayır. Məğlubiyyət də, qələbə də ola bilər. Mən "Qarabağ"a nə məğlubiyyətə, nə qələbəyə, nə də heç-heçəyə görə qiymət verilməsinin tərəfdarıyam. Bu komanda Çempionlar Liqasına layiq oyun oynayır. Əsas budur. Bizim gözləntimiz nədir? Tutaq ki, "Qarabağ" növbəti mərhələyə çıxdı, orada birinci oyunda daha güclü rəqibə uduzdu, nə olacaq? Təbii, komanda pul və nüfuz qazanır. Lakin əsas olan budur ki, "Qarabağ" Azərbaycan adına gözəl futbol ilə zövq yaradır".

Komitə sədri qeyd edib ki, "Qarabağ"ın bu gün meydandan uğurlu nəticə ilə ayrılacağına inanır:

"Komandamız yaxşı oynayacaq, sona qədər mübarizə aparıb uğurlu nəticə ilə meydandan ayrılacaq. Uğurlu nəticə olmasa da, sökülüb-dağılan komanda görməyəcəyik. Məğrur, döyüşən komanda görəcəyik. Buna əminəm".

Deputat Aqil Abbas şəraitdən asılı olmayaraq, “Qarabağ”ın qələbə qazanacağını düşünür:

"“Qarabağ”ın hər oyunundan qələbə gözləyirəm. Gözəl oyun göstərəcəklər. Yağış yox, lap tufan da olsa, xeyri yoxdu, “Qarabağ” “Ayaks"a qalib gələcək. Vəssalam!”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı