Uşaq və Gənclər Futbol Federasiyasının İB tərəfindən həyata keçirilən “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinin iş planına uyğun olaraq növbəti səfər dekabrın 14-də Qusar şəhərində baş tutub.
Modern.az-ın məlumatına görə, Qusar Olimpiya Mərkəzində keçirilən tədbir çərçivəsində bölgənin uşaq futbol komandalarının gənc oyunçuları və məşqçiləri ilə görüş keçirildi. Tədbirdə UGFF-nin prezidenti Asif Əliyev, federasiyanın baş katibi Asim Xudiyev, federasiyanın İdarə Heyətinin üzvləri, Qusar İdman İdarəsinin nümayəndələri, Şahdağ (Qusar) futbol klubunun rəhbəri İlham Murtuzayev, rayonun futbol veteranı Kəmran Nurəhmədov, METAK Uşaq Futbol Klubu və Şirvanovka Uşaq Futbol Klubu iştirak etdilər.
Tədbirdən əvvəl uşaq futbol bölmələrinin üzvlərinə idman geyimləri və futbol topları hədiyyə edildi. Çıxış edənlər arasında UGFF-nin prezidenti Asif Əliyev, federasiyanın baş katibi Asim Xudiyev, Şahdağ futbol klubunun rəhbəri İlham Murtuzayev və futbol veteranı Kəmran Nurəhmədov oldular.
Qeyd edək ki, tədbirin sonunda yeniyetmə futbolçular arasında mini-turnir təşkil olunub.