Modern.az

Ülvi Quliyev Prezidentə təşəkkür müraciəti ünvanladı

Ülvi Quliyev Prezidentə təşəkkür müraciəti ünvanladı

İdman

26 Dekabr 2025, 23:18

Azərbaycan Karate Federasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə 2025-ci ilin idman yekunları ilə bağlı təşəkkür müraciəti ünvanlayıb.

Modern.az müraciətin mətnini təqdim edir:

"Möhtərəm cənab Prezident.

Müstəqil Azərbaycanın Xilaskarı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, Azərbaycan idmanında da yüksəliş dövrü başladı. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə ölkə gəncləri, o cümlədən idmançılar dövlət qayğısı ilə əhatə olundu. Hər bir idmançının, məşqçinin, texniki heyətin və bütövlükdə idman mütəxəssislərinin fəaliyyətində hiss etdiyi bu qayğı Sizin Milli Olimpiya Komitəsinə Prezident seçildiyiniz gündən yeni vüsət aldı. Son 22 ildə isə Sizin rəhbərliyinizlə idman sahəsində yürüdülən dövlət siyasətinin nəticələrini görmək üçün əldə olunmuş ardıcıl idman uğurlarına diqqət yetirmək kifayətdir.

İlin idman yekunları ilə bağlı mərasimdə qeyd etdiyiniz kimi, beynəlxalq yarışlarda qazanılan medalların sayı rekord həddə çatıb. İki min medalın 600-dən çoxunun məhz qızıl medal olması o deməkdir ki, təqdimatların hər birində Dövlətimizin Himni səsləndirilib, Azərbaycanın Dövlət Bayrağı ayaqüstə alqışlanıb. Bu cür yüksək nəticənin əldə olunması əsla təsadüfi deyil. Azərbaycan idmançıları son beş ildə qalib Dövlətin və Müzəffər Liderin təmsilçisi olduqlarının qürurunu yaşamaqla yanaşı, bu şərəfli təmsilçiliyin mənəvi məsuliyyətini də dərindən dərk edirlər. Ölkəmizin idman uğurlarında, qazanılan hər bir medalda bu tarixi gerçəkliyin rolu danılmazdır.

İdmançılarımızın davamlı uğurlarını şərtləndirən həlledici amillərdən biri də idmanla bağlı dövlət siyasətinin ardıcıl xarakter daşımasıdır. İdmançı və məşqçi öz əməyinə, çəkdiyi əziyyətə ən ali səviyyədə qiymət verildiyini gördüyünə görə daha böyük qələbələrə ruhlanır. Müasir Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında, bu il Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsində Sizin rəhbərliyinizlə aparılan dövlət siyasətinin rolu əvəzolunmazdır.

Digər idman növlərinin təmsilçiləri kimi, biz karateçilər də Sizin qayğınızı və həssas münasibətinizi həmişə hiss etmişik, şəxsi həyatımızda yaşamışıq. Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bir çox idmançılarla yanaşı, karate üzrə gənclər arasında milli komandamızın baş məşqçisi, beynəlxalq yarışlarda əhəmiyyətli uğurlar qazanmış Elnur İbrahimə də yeni mənzilin orderini təqdim etdiniz və bununla təkcə onu yox, onminlərlə üzvü olan AKF ailəsini sevindirdiniz.

AKF ailəsinə yaşatdığınız bu sevincə və həssas münasibətinizə görə Federasiya üzvlərinin səmimi minnətdarlığını qəbul etmənizi xahiş edirəm. Sizi əmin edirik ki, yüksək etimadınızı doğrultmaq üçün daha çox səfərbər olacağıq və yeni idman uğurları naminə əlimizdən gələni əsirgəməyəcəyik.

 Hörmətlə, 

Azərbaycan Karate Federasiyasının Prezidenti

Ülvi Quliyev

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi