Bu gün azərbaycanlı futbol azarkeşləri üçün növbəti həyəcanlı gün olacaq. Belə ki, "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.
Qarşılaşmanın baş hakimi isveçrəli Sandro Şerer olacaq.
Modern.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” hazırda Çempionlar Liqasının turnir cədvəlində 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt təmsilçisi isə 4 xalla 33-cü sıradadır.
"Qarabağ" digər göstəricilərdə də almaniyalı rəqibi üstələyir. Belə ki, “Ayntraxt” Çempionlar Liqası çərçivəsində keçirdiyi ümumilikdə 6 oyundan sadəcə birində - “Qalatasaray”la qarşılaşmada “5:1” hesabı ilə qələbə qazana bilib. “Napoli”yə qarşı oyun isə “0:0” hesablı heç-heçə ilə bitib. Almanlar “Atletiko” və “Liverpul”a 1:5, “Barselona”ya 1:2, “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.
“Köhlən atlar” isə keçirdiyi 6 oyundan ikisinin qalibi olub. Kimandamız “Benfika”-nı səfərdə 3:2, "Kopenhagen"i isə evdə 2:0 hesabı ilə mğlub edib. “Qarabağ” “Atletik Bilbao”ya 1:3, “Napoli”yə 0:2, “Ayaks”a isə 2:4 hesabı ilə məğlub olub. “Çelsi” ilə oyunda isə qalib müəyyənləşməyib - 2:2.
Ümumi mənzərəyə baxdıqda “Qarabağ” 2 qələbə ilə “Aytraxt”dan üstün görünür. Eyni zamanda, reytinqlərdə də “Qarabağ” daha üstündür. Ötürmə dəqiqliyini müqayisə etsək, yenə də “Qarabağ” ön plana çıxır. Belə ki, “Qarabağ”ın ötürmə dəqiqliyi 81,67, “Ayntraxt”ın ötürmə dəqiqliyi isə 79,84 %-dir.

Daxili çempionatların fərqi: keyfiyyət və dərinlik amili
Klubların təmsil etdiyi daxili çempionatlar arasındakı fərq də diqqətdən kənarda qalmamalıdır. Bundesliqa Avropanın TOP-5 liqalarından biridir. “Ayntraxt” hər həftə “Bayer”, “Borussiya”, “Leypsiq”, "Bavariya", "Verder" kimi yüksək səviyyəli rəqiblərlə mübarizə aparır. Bu isə komandanın oyun tempini, fiziki hazırlığını və taktiki çevikliyini artırır.
“Qarabağ” isə Azərbaycan Premyer Liqasında aşkar dominantdır. Yerli çempionatda bu üstünlük komandanın öz oyun üslubunu rahat qurmasına imkan versə də, Avropa səviyyəsində sürət və təzyiq baxımından fərqlər dərhal hiss olunur. Bununla belə, məhz bu rahatlıq “Qarabağ”a Avropa oyunlarına daha planlı və konkret hazırlaşmaq şansı verir.
Oyun üslubları: toqquşan fəlsəfələr
“Ayntraxt”ın əsas silahı yüksək pressinq, sürətli cinah hücumları və keçid oyunlarıdır. Alman nizam-intizamı ilə latın dinamizmini birləşdirən bu model “Qarabağ”ın müdafiəsi üçün ciddi sınaq olacaq.
“Qarabağ” isə topa nəzarət etməyi sevən, qısa ötürmələr və mövqeli hücumlarla rəqibi açmağa çalışan komandadır. Burada əsas sual yaranır: Ağdam klubu Almaniya təmsilçisinin sürətli əks-hücumlarına qarşı balansı qoruya biləcəkmi?

Nə gözlənilir?
Alman klubu üçün real hədəf səfərdən xal çıxarmaqdır.
Lakin “Qarabağ”ın ev oyunlarındakı psixoloji üstünlüyü, tribunalardakı atmosfer və komandanın uzun illərin təcrübəsi bu oyunu almanlar üçün gözləniləndən daha çətin edə bilər. Ən real ssenari-gərgin və taktiki mübarizə, minimal hesablı nəticədir.
“Qarabağ”ın statistikada üstünlüyü, həm də oyunun məhz “ev” şəraitində keçirilməsi nəzərə alındıqda, komandamızın qələbə qazanma ehtimalı xeyli yüksəkdir.