Region Liqasında çıxış edən "Sabirabad" komandasının baş məşqçisi Şirxan Əkbərov və futbolçusu Beyrək Beybutlu 8 oyunluq cəza alıb.
Modern.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Ş.Əkbərov "Olimpik"lə (Sabirabad) qarşılaşmada meydana daxil olaraq hakimə fiziki təzyiq etdiyi üçün bu cəza ilə üzləşib.
B.Beybutlu isə 83-cü dəqiqədə perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub. Bundan sonra o, hakimə fiziki təzyiq (itələmə, dartma) etdiyi üçün növbəti 8 matçda iştirak etməyəcək.
Bu matçda meydana kənar şəxs də daxil olub və hakimə təzyiq göstərib, "Sabirabad" klubu buna görə xəbərdarlıq alıb.
Həmin matçda stadionda təhlükəsizlik təmin olunmadığına görə (3 polis nəfəri) qarşılaşma 84-cü dəqiqədə yarımçıq qaldığı üçün oyun saxlanıldığı vaxtdan davam etdiriləcək.