İri marketlərdə, bazarlarda xiyar-pomidor bahalaşıb. Bunun obyektiv səbəblərilə yanaşı, subyektiv səbəblərinin də olduğu bildirilir.
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli Modern.az-a bahalaşmanın səbəblərindən danışıb:
"Xiyar və pomidor kimi tərəvəzlər hava şəraitinə çox həssasdır. İsti, quraq, ya da yağışlı dövrlər məhsulun azalmasına səbəb olur. Yanacaq, əmək haqqı və logistika xərcləri artdıqda məhsulun satış qiyməti də artır.
İxrac bazarlarına prioritet verildikdə daxili bazarda təklif azalır, qiymət yüksəlir. Topdan və pərakəndə şəbəkələr məhsulu saxlayıb süni çatışmazlıq yarada, qiyməti qaldıra bilərlər. Bəzi hallarda bir neçə böyük market şəbəkəsi arasında razılaşmalar ola bilər, bu da süni qiymət artımına səbəb olur. İnsanlar bahalaşma gözlədikdə alış-verişi öncədən edir, bu da bazarda tələbi artırır və qiymət yüksəlir".
Ekspert vurğulayıb ki, statistik analizlər və ekspert rəyləri bəzi hallarda qiymət artımının sadəcə təklif-tələb balansı ilə izah olunmadığını göstərir:
"Məsələn, eyni məhsul eyni bölgədə müxtəlif marketlərdə xeyli fərqli qiymətə satılırsa, bu süni təsirin göstəricisi ola bilər. Topdan satışlarda həddindən artıq stoklanma, satış limitləri və bazarda qeyri-normal sürətli qiymət sıçrayışları da süni təsirin əlamətidir. Dövlət qurumları bazardakı qiymətləri izləyib monopolist davranışları araşdıra bilər. İxrac zamanı daxili bazar tələbi nəzərə alınmalıdır. Qiymət məlumatlarının açıq olması istehlakçılar və sahibkarlar üçün süni manipulyasiyanı çətinləşdirir. Spekulyativ fəaliyyətin qarşısını almaq üçün vergilər və cərimələr tətbiq edilə bilər. Əslində xiyar və pomidor kimi tez xarab olan məhsullarda qiymət hərəkəti həm təbii, həm də süni amillərin qarışığı ilə müəyyən olunur. Məhsul bazarında şəffaflıq və dövlət nəzarəti süni bahalaşmanın qarşısını almaq üçün ən effektiv üsullardan biridir".